Amerikalılar ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı demokrat rəqibi və hazırkı vitse-prezident Kamala Harrisdən daha çox seçkinin qalibi hesab edirlər.
Tacxeber.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bunu NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Araşdırmaya görə, ABŞ vətəndaşlarının 34%-i Trampın, 31%-i isə Harrisin uğuruna inanır.
Eyni zamanda, respondentlərin 29%-i hər iki namizədin qalib gələ biləcəyini, 4%-i isə heç birinin qalib gələ bilməyəcəyini ehtimal edir.
Bundan əlavə, sorğunun nəticələrindən məlum olub ki, ABŞ sakinlərinin Ukraynadakı münaqişənin öhdəsindən kimin daha yaxşı gələcəyi ilə bağlı fikirləri bölünüb. Belə ki, hər iki namizəd bu məsələdə respondentlərin 36%-nin dəstəyini qazanıb.
Sorğu avqustun 8-dən avqustun 12-dək aparılıb. Sorğuda mindən çox qeydiyyatdan keçmiş amerikalı seçici iştirak edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. (Yeniavaz)