• 23 Noyabr 2024 07:14

Sabiq məmur siyasətə qayıdır – “Qudalar İttifaqı” yenidən aktivləşəcək?

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov deputatlığa namizədliyini irəli sürməklə yenidən siyasətə qayıtmağa çalışır. 

 

H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, bu vəzifəyə 2019-cu ilin aprelində təyin edilib.

Əsədov rektor vəzifəsinə təyin edilənə qədər beş il (2013-2018) kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Etimadı doğrultmadığından o, 2018-ci ilin aprelində nazir vəzifədən azad edilməklə siyasətdən uzaqlaşdırılıb.

H.Əsədovun yenidən siyasətə qayıtmaq istəyi maraqlıdır. Əsədovun hökumətdə vaxtilə yüksək vəzifələr tutan şəxslərlə qohumluq əlaqəsi olub. Həmin şəxslər də işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən uzaqlaşdırılıblar.

H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla və uzun müddət Dövlət Gömrük Komitəsinin sədr müavini olmuş Əsgər Abdullayevlə (2006-2022) qudadır.

Bunlardan başqa Əsədovun əmək və əhalinin sosial müadafiəsi naziri işləmiş Səlim Müslümovla kirvə olduğu da bildirilir. Əsədovun qohumluq əlaqəsində olduğu bütün yüksək vəzifəli şəxslər “pensiya”ya göndərilib. Elə H.Əsədovun özü də yüksək vəzifəyə layiq olmadığından nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Əsədov və yaxınlarının mühüm dövlət vəzifələrindən uzaqlaşdırılmasının əsas səbəbi onların adının ciddi korrupsiya əməllərində çəkilməsi, eləcə də övladlarının özlərini dövlət adamının adına yaraşmayan şəkildə aparması olub.

 

H.Əsədovun iki oğlu və bir qızı var. Əsədovun oğulları dəbdəbəli həyat sürmələrinə görə dəfələrlə gündəmə gəliblər. Keçmiş kənd təsərrüfatı nazirinin kiçik oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahib olmaqla özünü ərəb şeyxləri kimi aparırdı. Xarici media vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı (90 HO 505) bahalı avtomobillə (“Porşe”) şütüməsindən yazırdı.

Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. H.Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən böyük oğlu Beşiktaş, Seba Kompleksi “Selenium-Twins” B BL.D.244 ünvanında mülk almışdı.V.Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva “VAGU (VAGU – VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketi”ni 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılıb. Bu məbləğ lirənin o zamankı kursu ilə 650 min dollar idi. Əsədovun oğulları ilə yanaşı qızı da dəbdəbəli həyat yaşayır.

Qızının həyat yoldaşı keçmiş nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovdur. A.Məmmədovu Azərbaycan ictimaiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, atasının nazir işlədiyi dövrdə Azərbaycanda populyar idi və demək olar ki, onun adı gündəmdən düşmürdü. İctimaiyyət Anar Məmmədovun bir milyon manat qarşılığında Qəbələdə ayı kəsdirməsini isə yəqin ki, heç bir zaman unutmayacaq.


H.Əsədovla kirvə olduğu deyilən S.Müslümov da “bacarıqlı” korrupsionerlərdən olub. S.Müslümovun korrupsiya və maliyyə fırıldaqçılığına görə ayrı-ayrı vaxtlarda 2 dəfə həbsə düşməsi də onun hansı vərdişlərə sahib olduğunu göstərir.

Korrupsioner ətrafı olan Əsədov deputat olarsa, yenidən siyasətə qayıtmış olacaq. Görünür, keçmiş kənd təsərrüfatı naziri Ucarda fermerliklə məşğul olan qudası, sabiq nəqliyyat naziri Z.Məmmədovla məsləhətləşmələr apardıqdan sonra siyasətə qayıtmaq qərarına gəlib.  (Sfera.az)

Tacxebe.com

Oxşar xəbərlər