Hüseyn Abdullayev zəhərləndiyini iddia edir – məhkəməsi onlayn keçiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclasında Hüseyn Abdullayevin vəkilləri cinayət işinə xitam verilməsi, prosesdə vəkillərinin yanında əyləşməsi, ev dustaqlığına buraxılması da daxil, müxtəlif vəsatətlər qaldırıblar.
Bununla belə, müdafiəçilərin hamısı onun sağlıq durumuna daha çox diqqət çəkiblər. Vəkillər vurğulayıblar ki, Hüseyn Abdullayevin həyatı təhlükədədir. Onlar müvəkkillərinin öncədən də sağlamlığında problemlər olduğunu, onun yüksək təzyiqdən əziyyət çəkdiyini, bu üzdən dərmansız keçinmədiyini bildiriblər.
Deyiblər ki, Hüseyn Abdullayevə təcridxanada adını bilmədikləri dərman verilib. Bundan sonra onun vəziyyəti kəskin pisləşib:
“Ürəyində ağrı, boğulma yaranıb, deyir, sinəm yanırdı. Vəziyyəti o qədər pisləşib ki, vəkillərlə görüşə əlil arabasında gətirib-aparırlar. Məhkəməyə zorla gətirilib, adam gəzə bilmir”.
Vəkil Şəhla Hümbətova qeyd edib ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi şöbə rəisinin Hüseyn Abdullayev ilə bağlı rəy verib. Həmin rəydən Hüseyn Abdullayevin infarkt keçirdiyi, onun ürəyində açıq şəkildə çapıq yarandığı bilinib. Vəkil müvəkkilinin həyatının təhlükədə olduğunu vurğulayıb. Digər vəkillər də ailəsinin vəsaiti hesabına sabiq deputatın tibb müəssisəsində müayinəsinə imkan yaradılmasını istəyiblər. Səhhətindəki problemlər üzündən Hüseyn Abdullayevin məhkəməyə gətirilməməsi, məhkəməyə videokonfrans vasitəsilə qatılması barədə də vəsatət qaldırıblar.
Vəkillərin digər vəsatətləri sabiq deputatın haqqında cinayət işinə xitam verilməsinə, yaxud onun ev dustaqlığına buraxılmasına dair olub. Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək bildiriblər ki, Hüseyn Abdullayevin ailəsinin hesabına şəxsi həkimlə təmin olunmasını və özəl xəstəxanaların birində müalicə olunmasını istəyiblər. Bundan başqa müdafiəçilər təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə iclasının videokonfrans vasitəsi ilə, və yaxud istintaq təcridxanasında keçirilməsi ilə bağlı da vəsatət təqdim ediblər. Vəkillər müvəkkillərinin səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılmasını da istəyiblər.
Hakimlər Hüseyn Abdullayevi ev dustaqlığına buraxmaqdan imtina etsələr də, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə, məhkəmə iclaslarına videokonfrans vasitəsilə qoşulmasına razılıq veriblər.