• 23 Noyabr 2024 07:20

Ölkə futboluÇak-çuk… Qriqorçuk…

“Neftçi” tarixinin ən uğursuz rəhbərliyi ən yüksək büdcə ilə klubu ən utandırıcı vəziyyətə salıb. Özünə gəlməsi üçün dua edib “amin” demək olar, hələliksə meydanda sözü Amin deyir. Seydiyev qol və məhsuldar ötürmə bir yana, bir neçə epizodda elə baxımlı hərəkətlər etdi ki, sanki “Sabah”da yox, “Barselona”da oynayır.

 

Bu matçadək “Sabah”da işlər qaydasında deyildi, əvəzlənən oyunçuların narazılıqlarından o anlaşıldı ki, hələ də problemlər var. Ardıcıl xal itkilərinin psixoloji gərginlik yaratdığı komanda bütün bunlara baxmayaraq, toparlandı və “Neftçi”ni rahatlıqla məğlub etdi. Düzü, çox əziyyət də çəkmədilər,çünki rəqib faciəvu durumdadır, nə oynadığını özü də bilmir.

 

İstənilən halda, “Sabah” istədiyini etdi. Mövsümdəki ilk qələbə Krunoslav Renduliçin yetirmələrini ilk “beşliy”ə saldı. Əsas rəqiblərdən biri üzərində qələbə isə çox vacib idi.

 

“Neftçi”yə gəlincə, bu komandaya Xosep Qvardiolanı da gətirsən, ən yaxşı oyunçuları da transfer etsən, xeyri yoxdur. Kamil Məmmədov nə qədər ki, paytaxt təmsilçisindədir, ona himayədarlıq edənlər, onun himayədarlıq etdikləri öz işindədir, nəticə olmayacaq. Ukraynalı, isveçli, türkiyəli və Kamilin dəstəsi – hərə “Neftçi”ni bir yana dartır, dövlət şirkətinin ayırdığı 30 milyon manatın dağıtmaq üçün hərə bir yandan qırmaq atır.

 

İllərdir bu cür davam edir: mövsümün startında problem yaradıb rəqiblərdən geri düşürlər, sonra isə fərqi qapamaq, problemləri həll etmək üçün daha çox pul dağıdırlar. Adlar dəyişir, “Neftçi”ni sömürmək, büdcəni talan etmək həvəsi hər yeni idarəçinin sevimli məşğuliyyəti olur. Baş qarışır pul qazanmağa, nəticə yaddan çıxır.

Nəticəsizlik bir yana, indiki rəhbərlik “Neftçi”ni ən hörmətsiz kluba çevirib. Nəticə yoxdur, sistemli işdən danışmağa dəyməz, uşaq komandaları bərbad vəziyyətdədir, azarkeşlər küskündür, futbolçular qruplaşmalar yaradıb, məşqçi ilə idman direktoru, baş icraçı direktor və Müşahidə Şurası “eyni dalğada” deyil, klubun stadionu da bərbad gündədir, “Neftçi” oynamaq üçün qəsəbə-qəsəbə gəzdirilir. Bütün bunların yekununda Bakıdan kənara çıxmayan komanda 3 tura 2 xal toplayıb, yalnız autsayder “Kəpəz”dən çox qol vurub. Halbuki təkcə hücumçulara verilən pul gəncəlilərin ümumi büdcəsindən çoxdur.

 

İndiki rəhbərlik – klubun rəsmi və həqiqi idarəediciləri “Neftçi” tarixinin ən bərbad rəhbərliydir. Onlar bakılıların heç vaxt əcnəbi məşqçi ilə uğur qazanmadığını və Kamil Məmmədov klubda olarkən nəticəsizliyin qaçılmaz olduğunu unutmamalıdırlar. Statistikaya, tarixə baxmaq kifayətdir. Və əmin olun ki, belə də davam edəcək.

 

Baş məşqçi Roman Qriqorçuk yeni transferlərdən danışır, amma oyunçular üçün limit olduğu reallığını unudur. Məmmədovun, Zaur Əzizovun, Yens Anderssonun heyətə doldurduğu əcnəbiləri qovmamış yeni transferlər necə mümkün ola bilər?

 

Ukraynalı çalışdırıcının yalnız bir futbolçunu özünün gətirdiyini dilə gətirməsi məsuliyyəti boynundan atmaq cəhdidir: “Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında “Neftçi”yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm. Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir”. Yəni ki, Kamilin əməlləridir, əziyyətini mən çəkirəm.

 

“Neftçi”də yiyəsizlik o həddədir ki, Emin Mahmudov məşqçiyə, rəhbərliyə qarşı nüfuz müharibəsi aparır. Qriqorçukun da o hünəri yoxdur ki, təkcə dünən Amin Seydiyevin uşaq kimi dolayıb məhsuldar ötürmə verdiyi epizoda görə kapitanı birbaşa əvəzedici heyətə göndərsin. Bu, Mahmudovun bərbad oyununu özündə əks etdirən bircə epizod idi. Komandada baş verənlərin hamısı – deyilənlərə görə – məhz Eminin özfəaliyyətinin nəticəsidir. Lakin o da bunu səbəbsiz etmir, klubda çak-çukun əsas iş prinsipi olduğunun fərqindədir, milyonluq müqavilənin verdiyi rahatlıqla ərköyünlük edir. Qova bilirlərsə qovsunlar, hamıya kompensasiya ödəyənlər onu niyə Emin üçün etməsin ki ?… (Futbolinfo)

Tacxeber.com

Oxşar xəbərlər