• 23 Noyabr 2024 14:52

Bakının su imtahanı: Əhalinin susuz qalmasında kim günahkardır?

 

Atalar yaxşı deyiblər, duzdan ləziz, sudan əziz bir şey yoxdur. Son günlər paytaxt sakinləri suyun dəyərini çox yaxşı anlayırlar. Çünki əvvəlcə Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri, indi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakının 10 rayonu və Abşeronda iki gün su olmayacaq.

 

Bəs maraqlıdır, təmir prosesi niyə gec bitir? Vətəndaşlar niyə alternativ mənbələrdən su ilə təmin olunmurlar?

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məsələ ilə bağlı Oxu.Az-a danışıb.

 

Qurum rəsmisi bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı bu gün saat 8:00-dan etibarən təmir işlərinə başlanılıb:

 

“Sözügedən xəttə Ceyranbatan Su Təchizat İdarəsi nəzarət edir. Onlar müəyyən ediblər ki, qəza hadisəsi dünən gecə saatlarında baş verib. Su gecə saatlarından etibarən kəmərlərdən boşaldılıb. Təbii ki, üç-dörd gün, hətta bir gün belə, suyun olmaması uzun müddətdir. Lakin kəmər 265 kilometr uzunluqdadır, diametri iki min millimetrdir, buna görə də suyun boşaldılması çox vaxt aparır. Proses avqustun 20-si axşam saatlarına qədər davam edəcək. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsinin təmin olunması planlaşdırılır. Ola bilsin ki, bəzi ərazilərə avqustun 22-i su çatsın.

 

Bu mövzuda coğrafi relyef amili də rol oynayır. “Planlaşdırılır”, “gözlənilir” – bu sözləri ona görə deyirik ki, 265 kilometrlik kəmərin təmiri bitsə belə, yenidən su ilə doldurulması prosesi saatlar tələb edir. Suyun yenidən Bakıya daxil olması, paytaxtda anbarlara doldurulması – bunların hamısına zaman lazımdır. Problem aradan qalxandan sonra əhali eyni anda suyu açdığı üçün bu da texniki problemlər yaradır. Ancaq operativ formada iş gedir.

 

Ötən dəfə təmir-bərpa işləri ilə əlaqədar suyun verilişində fasilə yaranmışdı, bu dəfə qəza hadisəsi oldu, bir-birindən əlaqəsiz hadisələr olduğunu qeyd etməliyik”.

 

C.Musaoğlu alternativ mənbələrdən su ilə təmin olunma məsələsi ilə bağlı bu fikirləri səsləndirib:

 

“Oğuz-Qəbələ-Bakı su kəmərinin üzərində olan ərazilər Ceyranbatan Su Anbarından, Kür-1, Kür-2 mənbələrindən gələn sularla qidalanır. Paytaxt alternativ su ilə təmin olunan zaman gərək həmin mənbələrdən qidalanan əhali susuz qalsın. Bu məsələni elə tənzimləmək lazımdır ki, bütün əhali susuz qalmasın. Bu, çox çətin prosesdir”.

Tacxeber.com

Oxşar xəbərlər