• 25 Noyabr 2024 00:22

Bakıda hamilələri nikah şəhadətnaməsi olmadan doğum evinə buraxmırlar?

 

“Bu gün qohumumuz uşaq dünyaya gətirib. Xəstəxananın qapısından qadını içəri buraxmırdılar ki, nikah kağızı olmasa, doğuma ala bilmərik. Kağızı güc-bəla ilə evdən tapıb, şəklini çəkdirib atıblar, sonra xəstəni qəbul ediblər”.

 

Belə bir paylaşım sosial şəbəkədə paylaşılıb.

 

Vətəndaş: “Qanunvericilikdə belə bir maddə var, yoxsa xəstəxananın özünün qoyduğu “qanun”dur?” – sualını verib və qeyd edib ki, söhbət Bakıxanov qəsəbəsindəki 2 nömrəli doğum evindən gedir.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

 

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir halın yaşanmadığı diqqətə çatdırıldı.

 

“Tabeliyimizdə olan tibb müəssisəsindən bildirilib ki, onlarda nə bu günlərdə, nə də yaxın tarix ərzində belə bir hal yaşanıb, onlar heç kimdən nikah şəhadətnaməsi tələb etmirlər, xüsusən də xidmət təcili tələb olunursa. Hətta ağır vəziyyətdə, huşu üstündə olmayan xəstədən şəxsiyyət vəsiqəsi belə tələb olunmur, ona ilk növbədə tibbi xidmət göstərilir. Daha sonra sığorta ilə onu qarşılamaq üçün şəxsiyyət vəsiqəsi istənilir.

 

Hər bir vətəndaşın sağlamlığının qorunması üçün tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bu hüquq qanunvericiliklə nəzərdə tutulmamış hər hansı bir sənədin tələb edilməsi ilə müşayiət olunmur və bu səbəbdən vətəndaşdan tibbi xidmətin göstərilməsi müqabilində nikah haqqında şəhadətnamənin istənilməsi qanunauyğun deyil. Qeyd edək ki, vətəndaş tibbi xidmət almaq və icbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir”, – deyə açıqlamada bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər