• 25 Noyabr 2024 12:04

Keçmiş deputatdan Əli Əhmədov haqda inanılmaz sözlər: “71 yaşlı qoca…”

Keçmiş deputatdan Əli Əhmədov haqda inanılmaz sözlər: “71 yaşlı qoca...”

Yeni formalaşacaq parlamentdə rəhbər vəzifələrdə kimlərin yer alacağı ilə bağlı müxtəlif fərziyyələr səslənir.  Bəllidir ki, Yeni Azərbaycan Partiyasının (YAP) əsas funksionerlərindən  hesab olunan baş nazirin müavini Əli Əhmədov yenidən aktiv siyasətə qayıdır. 

 

YAP siyahısında deputatlığa namizəd olan baş nazirin müavini bir neçə gün əvvəl təşviqat kampaniyasının başlaması ilə əlaqədar məzuniyyətə çıxıb. Onun hətta baş nazir Əli Əsədov da daxil olmaqla, son bir neçə ildə bərabər çalışdığı hökumət üzvlərinin hamısı ilə sağollaşaraq Nazirlər Kabinetindəki otağını boşaltdığı da iddialar sırasındadır. Xatırladaq ki, 71 yaşlı Ə.Əhmədovun namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülüb.

 

Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə isə Ə.Əhmədovun yeni parlamentin rəhbərliyinə gətiriləcək. Bu qərara səbəb isə Əli Əhmədovun yüksək siyasi hazırlıqlı şəxs olması və iqtidara sədaqəti göstərilir.

 

Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

 

Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.

 

Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

 

Milli Məclisin sonuncu sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimli olub. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.

 

Əgər iddia doğrudursa, mümkündür ki, Ə.Əhmədov sıradan deputat olmasın və birinci vitse-spiker postuna gətirilsin. Çünki digər iki vitse-spiker postunun biri bitərəflərin təmsilçisi, digəri isə ana müxalifətdən olan partiyanın nümayəndəsi üçün nəzərdə tutulub. Məlumatlara görə, iqtidar Sahibə Qafarovun fəaliyyətindən razıdır və deputat seçiləcəyi təqdirdə spiker kimi də fəaliyyətini davam etdirə bilər.

 

Milli Məclisin keçmiş deputatı, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a deyib ki, bu seçim baş tutarsa, bunun daha çox balans qorumağa hesablanacağını düşünür: “Baş nazirin müavini Əli Əhmədovun spiker postuna gətirilməsi hələ ki iddiadır. Əgər bu baş verərsə, maraqlı seçim olacaq. Deputat kadrosunda gəncləşmə siyasətini əsas götürən hakimiyyət spiker postuna 71 yaşlı qocaman siyasətçini gətirmək istəməsi doğru olmaya da bilər. Yəqin ki, hakimiyyət gənc və dinamik deputatlar düşərgəsinə səbirli və təmkinli fiquru rəhbər seçməklə balansı qorumağa çalışacaq. Əli Əhmədov da Sahibə Qafarova kimi proseslərə təmkinli və ləng reaksiya verməyi ilə seçilir. Bu lənglik böyük siyasətdə ən önəmli faktorlardandır. Vaxt qazanmaq, manevr etmək, səhvlərdən sığortalanmaq baxımından oyunçulara əlavə üstünlüklər qazandırır. Eyni zamanda Əli Əhmədov da Sahibə Qafarova kimi Qərbdən daha çox digər qütblərə istiqanlılığı və meylliliyi ilə seçilir. Ən əsası, hər iki fiqur ölkə başçısının tutduğu balanslı siyasi kursa kifayət qədər sadiqdirlər. Əgər Sahibə Qafarovaya yenidən etimad göstərilərsə, o zaman Əli Əhmədovun vitse-spiker kimi fəaliyyət göstərməsi istisna deyil. Hələlik mediada yayılan bu kimi informasiyalar iddia xarakterlidir. Məsələnin digər tərəfi ondadır ki, növbədənkənar VI çağırış millət vəkillərinin bir çoxu “lal deputat” funksiyasını yerinə yetirdilər. Bir sıra sorğular göstərdi ki, bəzi deputatları nəinki ictimai fəallar, heç öz seçiciləri də tanımırlar. Onlar bugünkü mürəkkəb geostrateji durumda hər hansı fəaliyyət imkanlarını ortaya qoymağa da çətinlik çəkəcəklər. Görünür, onların da yerinə ya daha dinamik, ya da daha təcrübəli şəxslər gətiriləcək. Ümid edirəm ki, növbəti çağırış parlamentin tərkibi daha dinamik, daha natiq və təcrübəli şəxslərdən təşkil olunacaq. Hər halda, son söz əlahəzrət seçicinindir”.

Tacxeber.com

Oxşar xəbərlər