Osmanli ordusu və Nadir şah Afşar
19 avqust 1745-ci il, Nadir şah Afşarın qoşunları ilə Osmanlı qoşunları arasında 10 gün davam edən Qars döyüşü ikincilərin ağır məğlubiyyəti ilə yekunlaşır. Əslində savaşın taleyi avqustun 9-da, döyüşün birinci günü həll olmuşdu. Sonrakı günlər Nadir osmanlıları mühasirəyə alıb müqavimətlərini qırmaqla məşğul idi.
XVIII əsrin üçüncü Osmanlı-İran müharibəsi 1743-cü ildə başladı. 1745-ci ildə Dağıstan səfərindən qayıdan Nadir iki Osmanlı ordusunun şərqə doğru hərəkət etməsi xəbərini aldı. Ordulardan biri Mosula, digəri isə Qarsa tərəf hərəkət edirdi. Nadir Mosul istiqamətinə göndərdiyi qoşuna oğlu Nəsrullah mirzəni sərkərdə təyin etdi, özü isə 120 minlik qoşunla Qarsa tərəf yollandı. Buradakı 140 minlik Osmanlı qoşununa 1737-1739-cu illərdə sədrəzəm olmuş Yegen Mehmet paşa rəhbərlik edirdi.
Birinci gün baş verən döyüşü Nadir uzun müddət öz düşərgəsindən çaparlar vasitəsilə idarə etdi. Amma qoşununun düşmənin müqavimətini qırmaqda çətinlik çəkdiyini gördükdə özü ata mindi və ehtiyatda saxladığı süvarilərlə döyüşə atıldı. Bu, döyüşün gedişini dəyişdi və osmanlılar ağır məğlubiyyətə uğradılar.
Qələbə qazanan Nadir qoşunun bir hissəsini göndərərək Qarsa gedən yolu nəzarətə götürdü və geri çəkilən türklərin şəhərə qayıtmasının qarşısını aldı. Bundan sonra Osmanlı düşərgəsi mühasirə olundu. Sonrakı günlər türklərin mühasirədən qurtulmaq cəhdləri, əfşarların da bunun qarşısını almaqla keçdi.
Avqustun 19-da Nadir Nəsrullah mirzənin də Mosul ətrafında türkləri məğlub etməsi xəbərini aldı. Elə həmin gün Osmanlı sərkərdəsi Yeğen Mehmet paşa öldü, o, bir müddət idi ki, ağciyər xəstəliyindən əziyyət çəkirdi. Bununla da türklərin iradəsi qırıldı və təslim oldular.