• 23 Noyabr 2024 07:37

Həbsxanada dustaq bir neçə dəfə cibindən “lezva” çıxararaq Ülvini təhdid edib.

Bir neçə gün öncə vicdan məhbusu Ülvi Həsənli 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış halları barədə geniş məqalə ilə fərqlənmişdi.

 

Jurnalistin böyük cəsarətlə qələmə aldığı sözügedən məqalə ictimai rezonans doğurdu və gözlənildiyi kimi, Penitensiar Xidmətin mətbuat katibi tərəfindən təkzib edildi.

Həmin dövrdə mənə sual verilmişdi ki, “Bundan sonra Ülvi Həsənliyə qarşı təzyiqlərin olacağını, barəsində daha ağır repressiv tədbirlər görüləcəyini gözləyirsinizmi?”

 

Cavab vermişdim ki, “İndiki halda Ülvi Həsənliyə qarşı əlavə təzyiqlər olarsa, Penitensiar Xidmət zorakı alətlərə müraciət edib qisas alarsa, bu, hakimiyyətə “ayı xidməti” olacaq. Belə çıxış yolu olmur. Anlayıram ki, Nazirlik, Xidmət və Təcridxana rəhbərliyi son dərəcə əsəbidir. Lakin yaxşı olar ki, hansısa qisasçılıq barədə plan qurmaqdansa, həmin məqalədə göstərilən xüsusatların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər planı hazırlasınlar, məsuliyyət tədbirləri yerinə yetirsinlər.”

 

Lakin az əvvəl Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın yazısını oxudum.

Məlum olur ki, Ülvi Həsənli işgəncə faktlarını ictimailəşdirəndən sonra təxribat və hücumlara məruz qalmaqdadır.

 

“Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən “lezva” çıxararaq Ülvini kəsəcəyi ilə hədələyib. Onu da qeyd etdi ki, məhz onun məktubu ictimailəşəndən sonra həmin şəxs davamlı olaraq təcridxananın rəisi Elnur İsmayılovla kabinetində görüşüb”, – deyə Rübabə Quliyeva yazıb.

Bu postu yazarkən məlumat aldım ki, Ülvi Həsənli ilə eyni kamerada saxlanılan Siyavuş əvvəllər dəfələrlə məhkum olunan residivistdir. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinə cəlb olunub.

Fəal “işləyəndir”.

Hazırda çox narahatıq.

Vicdan məhbusu Ülvi Həsənlinin həyat və sağlamlığına görə nazir Fərid Əhmədov, rəis Mirsaleh Seyidov, rəis Elnur İsmayılov məsuliyyət daşıyırlar.

 

Rüfət Səfərov

Tacxeber.com

Oxşar xəbərlər