• 24 Noyabr 2024 01:34

Yerüstü parkinqdə bir saatdan beş dəqiqə keçəndə niyə iki saatın pulu tələb olunur?

 

Bakıda yerüstü pullu parklanma ərazisində ödəniş qaydalarının ədalətli təyin olunmaması ətrafında sosial şəbəkələrdə müzakirələr aparılır.

 

Tacxeber.com xəbər verir ki, sürücülər parkinq ərazisində bir saatdan beş dəqiqə artıq dayanmalı olanda birbaşa iki saatın pulunu ödəmək məcburiyyətində qaldıqlarından şikayət edirlər.

 

“Parkinqdə bir saatdan cəmi beş dəqiqə keçmişdi ki, avtomobili çıxartdım, amma iki saatın pulunu ödəməli oldum. Bunun səbəbi nədir? Niyə beş dəqiqəyə görə iki saatın pulu ödənməlidir?” – deyə şikayətçi yazır.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

 

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.

 

“Qanunvericiliyə əsasən, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği zonalara uyğun olaraq müəyyən edilir.

 

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş hər saata görə tam məbləğdə hesablanır.

 

Bakı şəhəri üzrə Mərkəz zonada parklanma bir saata görə 1 AZN, I zonada – 0.70 AZN, II zonada – 0.40 AZN, III zonada – 0.30 AZN, IV zonada isə ödənişsizdir. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 7:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

 

Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar”, – deyə açıqlamada bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər