• 21 Sentyabr 2024 00:36

“Neftçi” hər ay nə qədər pulu havaya sovurur?

“Neftçi” rəhbərliyi Qara Qarayevi dilə tuta bilmir. Baş məşqçi Roman Qriqorçukun əsas heyətdə şans vermədiyi yarımmüdafiəçi, mövcud müqaviləsinə qarşılıqlı razılıqla xitam vermir.

 

Ötən yay Qara ilə 2 illik müqavilə bağlanmışdı. Anlaşmaya görə, o, aya 35 min dollar maaş alır. İndi rəhbərlik ona növbəti 2 ayın pulunu əlavə olaraq almaq şərti ilə vidalaşmağı təklif edir. Futbolçu isə onu əvəzedici heyətə göndərmək qərarı verən idman direktoru Yens Andersson və digər şəxslərlə prinsipə düşüb. Qarayev əvəzedclərlə məşq edib bir il ərzində ona çatası bütün maaşı almaq niyyətindədir.

 

Vaxtilə bu futbolçunu seçən də indiki rəhbərlik olub. Sabiq baş məşqçi Adrian Mutunun Qaranın transferindən xəbəri olmayıb. Kamil Məmmədovun əsas söz sahibi olduğu seleksiya qrupu təkcə Qarayevlə deyil, bir çoxları ilə bağlı yanlış qərarlar verib. Bu mövsüm adı iştirak ərizəsinə salınmadan maaş alan Lukas Melano, Brayan Moreno, heyət üzü görməyən Alfa Konte – onlar üçü birlikdə ayda 100 min dollardan çox məvacib alır, amma oynamırlar. Qaranı da nəzərə alsa, “Neftçi” komandaya heç bir xeyir verməyənlərə hər ay 200-250 min manat ödəyir.

 

Ümumiyyətlə, “Neftçi”də transferlərlə məşğul olan şəxslər klubun mənafeyini düşünmür. Gətirilən legionerlərin aldığı maaşlar məsələnin görünən hissəsidir. Onların burada ən lüks şəraitdə yaşaması, ailələrinin xərcləri, övladlarının təhsil pulları bəzən maaşlarından da yüksək olur. Və bütün bunların hamısını klub qarşılayır.

 

Ən maraqlısı isə odur ki, əcnəbilərin hər nazına dözənlər, onlar üçün istənilən xərci çəkənlər yalnız azərbaycanlıları gözümçıxdıya salır, Qarayevi çıxdaş etmək istəyirlər. Konte, Melano, Moreno kimlərəsə faiz ödədiyi üçün qorunur, Qaranın məsələsi isə ictimailəşdirilir.  (Futbolinfo)

Tacxeber.com

Oxşar xəbərlər