• 24 Noyabr 2024 07:25

“Bakının bu hissəsində ilanlar artacaq”- Ekspert HƏYƏCAN TƏBİLİ ÇALDI

Havaların isti keçməsi quraq ərazilərdə və paytaxtın bir çox yerlərində ilanların aktivləşməsinə səbəb olub. Bu dəfə ilanlar Həzi Aslanov ərazisində üzə çıxıb.

 

Serpantoloq Anar Cəfərov Moderator.az-a açıqlamasında bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur.

 

“Həzi Aslanov tərəflər də dənizə yaxın olduğu üçün ilanların orada görünməsi heç də təəccüb doğurmur. Əksəriyyəti su ilanıdır. Bunlar normal halda dənizə nisbətən yaxın ərazilərdə-Hövsanda, Əhmədlidə olur. Nəzərə alsaq ki, Həzi Aslanov da dəniz kənarına, limana yaxın yerdir. Son zamanlarda dənizdən suyun çəkilməsi, aşağı düşməsi ilanların daha aktiv olmağına gətirib çıxarır. Suyun səviyyəsi aşağı düşdükcə ilanların gizləndiyi qayalıqlar üzə çıxır. İlanlar bu zaman qayalıqlardan qaçırlar. Qaçanda da üz tutduqları məkanlar insanların məskunlaşdığı yerlərdir. Bir də üzü payıza, qışa doğru gedirik, yay bitir. İlanlar intensiv qidalanma yeri axtarırlar. Yəqin ki, sentyabr ayında bir az da insanların ilanlara rast gəlmə halları artacaq. Bu da onların qidalanması ilə bağlıdır. Daha çox qidalanmalıdırlar ki, artıq oktyabr, noyabr aylarında qışlamağa doğru getsinlər” deyə serpantoloq deyib.

 

Anar Cəfərov bildirib ki, ilana görə həyət evlərindən müraciətlər çoxdur.

 

“Bakıətrafı həyət evlərindən ilana görə məlumatlar bizə daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Oktyabr ayı da ilanların olduğu aydır. Hava isti keçsə ola bilsin ki, ilanlar oktyabr, noyabr aylarında da olsun. Bu havanın isti yaxud soyuq keçməsi ilə bağlıdır” deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər