Pulunuzun 80%-ni kanalizasiyaya atırsınız – Həkimdən şok faktlar
“Dünən bir dostumuz yazıb ki, doğrudur ki, vitamin A ( Beta-Karotin) qəbul edən zaman siqaret çəkmək olmaz. Ya da başqa sözlə, siqaret çəkənlər vitamin A-dan uzaq dursunlar, çünki karotinoidlər nikotinlə birləşdikdə ağciyər xərçəngi riskini artırır”.
Tacxeber.com xəbər verir ki, bunu həkim-farmakoloq Müşfiq Hüseynov deyib. O bildirib ki, böyük şəhərlərdə xərçəng riski yaradacaq amillər çoxdur.
“Ondan başlayaq ki, böyük şəhərdə (meqapolis. Bakı da 1 kv.m düşən adam sayına görə meqapolisliyə namizəddir) yaşayan birini xərçənglə qorxutmaq gülməlidir. Yaşadığımız şəhərin havası, suyu, torpağı xərçəngə pulsuz vizadır. Eyni məntiqlə gərək ümumiyyətlə, siqaretdən uzaq durasan, çünki ağciyər xərçənglərinin böyük faizi onlarda olur.
O zaman sual yaranır ki, haqlı iraddırmı? Bəli, haqlıdır. Amma tək o deyil. Vitaminlər arasında da antoqnizm çox yayılıb. Onlar bir-birini məhv etməyi sevirlər.
İndi sizə bildiyiniz, bilmədiyiniz bir neçə misal sayacağam.
Məsələn, vitamin E və K. Yüksək dozada Vitamin E (androloq və uroloqların ən sevdiyi molekul) K vitaminin koaqulyasiyasını artırır, yəni onlar bir-birinı yapışır. Nəticədə qanaxma riski yaranır. Qandurulaşdırıcı içənlər xüsusi diqqət etməlidir (ki, 50 yaşdan yuxarı hamı içir). Bununla da qalmır, vitamin A-nın sorulmasını zəiflədir. Vitamin A isə qarşılığında vitamin D-nin metabolizmini dəfələrlə aşağı salır.
Və ya vitamin B6, öz dostu və qardaşı vitamin B1, vitamin C isə vitamin B12-ni parçalayır.
İkincisi çox təhlükəlidir. Vitamin B12 isə vitamin B9-la “qatı düşmən”dir.
Üzərinə bütün mineralların bir-birinə “nifrət” etməsini gəlin. Kalsiumla magnezium, dəmir və sink. Sinklə dəmir, dəmirlə manqan, hətta natriumla kalium bir-birinin effektini azaldacaq gücdədirlər. Bunlar farmakologiya keçən bütün 3-cü kurslara bəllidir.
Reklamda görüb və ya aptekə gedib vitamin istəyirsiniz. Onlar da sizə Amerikan, İsveçrə, Fransa, İngiltərə, nə bilim “nəiski” istehsal olan 35-40 manata multivitamin kompleksi verir. Sonra siz tərkibində quş iliyi və can dərmanı olan kapsulları bir ay içirsiniz. Aləm dəyir bir-birinə. Vitaminlər və minerallar “müharibə”yə çıxır. Axırda da bəlli olur ki, qəbul etdiyimiz 5000 təsir vahidi vitamin D3-ü həm “qardaş”ları zəiflədib, həm də özünün 5/1-i qaraciyər baryerindən sorula bilir.
Yəni ən yaxşı halda vitamin kompleksinə veridiyiniz 40 manatın 80%-ni, 32 manatını kanalizasiyaya tullayırsınız.
İndi hörmətli oxucu deyəcək ki, ondansa 5 manata 1 kq portağal alıb yeyərəm də. Bəli, haqlıdır. Amma bilmək lazımdır ki, gündəlik vitamin C dozasını almaq üçün 8 portağal lazımdır, yəni 2 kq. Çünki yeyilən qidadan alınan faydalı molekulun bədəndə sorulması nəticəsində 0,5-1% xeyir götürə bilərsiniz.
Mütəxəssis vitaminlərin bir-birini məhv etməsinin qarşısını almaq üçün 2 yol göstərib:
“1. Gedib analiz verirsiniz, hansı vitamin və mineralların sizdə çatışmadığını öyrənirsiniz, sonra mono-terapiya (yəni bir vitamin) kimi əlavə alırsınız. Bu, dəqiq terapiya olacaq. Belə terapiyanın büdcəsi analiz qarışıq 500-600 manata gedib çıxa bilər.
2. Liposomal vitamin komplekslər qəbul edəcəksiniz.
Bu texnologiya yenidir və vitamin, minerallarda antaqonizm yoxdur. Molekullar bir-birini görmür, çünki hər birinin ayrıca ikiqat fosfolipid qatı var. Yəni vitamin C və B12, D3 və K2, Fol və B9 bir yerdə dinc yanaşı yaşaya bilir.
Kaprizli və sorğulayan oxucu indi deyəcək ki, bəs qaraciyər parçalanmır? Yox. Çünki nanotexnologiya onun üzərində qurulub, həm antaqonizm yoxdur, həm də qaraciyərdən yan keçir.