Ofeliya Sənani: “Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanıdır”
“Mən hər zaman sənətimi sevmişəm. Heç vaxt sənətimi kiminsə gözündən salmağa çalışmamışam. Mənə o qədər təkliflər gəldi ki, gəl bu sənətdən əl çək. Amma bir an olsun belə sənətimdən uzaqlaşmadım. Bizsiz dublyaj olmurdu. Adil İsgəndərov o vaxt kinostudiyanın rəhbəri olanda məni dəvət etdi. Qarşısında kino lentləri var idi. Dedi ki, qızım, bu lentləri görürsən? Bunlar 100 illərlə yaşayacaq. Amma televiziyada danışırsan, gedir, tarixdə qalmır. Dedi ki, gəl kinostudiyaya, maaşını da sənə artıq verək, bizdə çalış, dublyajda da işlə, filmlərə də çəkil. Deyirdi ki, heyifsən, amma getmədim, televiziya mənim üçün doğma olub”.
Tacxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
O daha sonra əlavə edib:
“Aparıcı verilişini öz övladı, doğması bilməlidir. Bu vacibdir. Bunu bilməyən aparıcı, əlbəttə ki, sabah tamaşaçısına hörmət etməyəcək. Bəzən görüb əsəbiləşirəm. Özlərinə hörmət etmirlərsə, tamaşaçıya hörmət etsinlər. Dayana bilmirəm, zəng edib tövsiyələrimi verirəm. Eşidən eşidir, eşitməyən də eşitmir. Geyimlərini bilmirlər, aksesuarlarını bilmirlər, bəzənib-düzənməklərini bilmirlər. Biz hörmət qazanmışıq. Onlar da çalışsınlar hörmət qazansınlar”.