• 24 Noyabr 2024 07:30

“Həyat yoldaşımın ölümündən sonra bank mənə təzyiq edir, hədə-qorxu gəlir, deyir ki..”

“Həyat yoldaşım dünyasını dəyişməzdən 3 ay əvvəl banklardan birindən kredit götürüb. Pensiyaya da 6 ay əvvəl çıxmışdı. Rəhmətlik yoldaşımın sığortası var idi. Bankda ona hətta demişdilər ki, sənə bir şey olsa sığorta ödəyəcək. Mənim əlaqə nömrəmi də hər ehtimala qarşı ondan alıblar. Yoldaşımın ölümündən sonra banka yaxınlaşıb, bunları dedim. İndi bank mənimlə heç cür razılığa gəlmir. Deyir ki, 10 min məbləğin 5 min manatını silirik, yerdə qalan 5 min manatını isə hissə-hissə ödəyin”

 

Bunu Moderator.az -a açıqlamasında şikayətçi Məmmədova Niyazə deyib. O daha sonra əlavə edib.

“Mən həmin sənədə qol çəkməmişəm, zamin də durmamışam. Hətta bank mənə hədə-qorxu da gəlir. Deyir ki, bu məbləği ödəməsən səni digər güzəştlərdən də məhrum edəcəyik. Savadsız olduğum və məni tək gördükləri üçün üstümə gəlirlər. İki övladımla güc-bəla ilə yaşayıram, mən o pulu haradan ödəyim?” deyə şikayətçi deyib.

 

Xanım ona bank əməkdaşlarının təzyiq edəcəklərindən ehtiyat etdiyi üçün bankın adını çəkməkdən imtina etdi. Biz isə mövzunu araşdırmaq üçün hüquqşünasla əlaqə saxladıq. Hüquqşünas Nəriman Əliyev bildirib ki, sözügedən mövzu əksər hallarda problemlidir.

 

“Əgər dünyasını dəyişən şəxsin zamini yoxdursa borc silinəcək. Əks halda borcu zamindən tələb edəcəklər. Amma burada bir məqam da var. Miras qoyduğu hər hansı bir əmlak varsa, vərəsədən də borcu tələb edə bilərlər. Çünki qoyulmuş miras, miras qoyan şəxsin həm aktiv, həm də passivi ilə birlikdə qəbul olunur. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı da var. Belə ki, qərar görə, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları (bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi ərzində borclu vəfat edərsə, onun borcunu vərəsələri yaxud zamin ödəyir, lakin kredit götürən şəxsin həyatı sığortalanıbsa, borcunu sığorta şirkəti ödəyir” deyə hüquqşünas bildirib.

Tacxeber.com

Oxşar xəbərlər