• 24 Noyabr 2024 15:03

“Üç il sülh olmayacaq” – Müharibə başlayır?

 

“Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər ziddiyyətli məqamlarla dolu idi. Məhz bular Paşinyana uyğun olan açıqlamalar idi. Ziddiyyətlər, bəzən yalanlar, bəzən təhriflərlə dolu növbəti açıqlamalar… Onun guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının yer aldığı ilə bağlı fikirləri tamamilə absurddur”.  

 

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

 

Onun sözlərinə görə, Paşinyan və Ermənistanda düşünə bilən insanların hamısı çox yaxşı anlayır ki, bugünkü Ermənistan məhz Azərbaycan torpaqların üzərində qurulub:

 

“1920-ci ildə Paris sülh konfransında Ermənistanın sələfi olan Ararat Respublikası (indiki Ermənistan) məhz 9 000 kvadrat kilometr ərazi ilə tanınıb. Sovet dönəmində sovet rəhbərliyinin qeyri qanuni və heç bir hüquqi əsası olmayan qərarları ilə Azərbaycan Respublikasının ərazilərinin 21 000 kvadrat kilometri alınaraq Ermənistana verilib və bugünkü Ermənistan yaradılıb. Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti məhz Paris Sülh Konfransında 114 000 kvadrat kilometr ərazi ilə tanınıb. Bu baxımdan Paşinyanın bu fikirlərini səsləndirməsi təbii qəbuledilməz və absurddur. Azərbaycan Konstitusiyasında bugünkü Azərbaycan Respublikasının 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Xalq Cümhuriyyətinin varisi olduğu yazılır. Amma Ermənistan konstitusiyasında açıq mətnlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alır. Bugünkü Ermənistan konstitusiyasına görə Ermənistan ərazisi Nikol Paşinyanın da sevərək istinad etdiyi kimi, 29.7 min kvadrat kilometr deyil, 34.1 min kvadrat kilometr kimi əslində oxunur. Bu baxımdan bunlar fərqli-fərqli məsələlərdir”.

 

Politoloq bildirib ki, digər tərəfdən, Nikol Paşinyan məhz bu absurd iddialarla yanaşı, sülh müqaviləsindən danışır:

 

“Onun söylədiyi açıq yalanlardan biri Azərbaycanın silahlanması ilə bağlı məsələdir. Hərbi büdcə, kommunikasiyaların açılması ilə bağlı verdiyi həmin açıqlamalar ciddi şəkildə yalan və təhriflərlə zəngindir. Digər tərəfdən, Ermənistan sülh müqaviləsini imzalamağa hazır olması ilə bağlı səsləndirdiyi fikirlər də faktiki olaraq Azərbaycan Prezidentinin ay yarım öncə səsləndirdiyi fikirlərin təkrarıdır. Məhz ay yarım öncə Azərbaycan Prezidenti açıqlamasında bildirmişdi ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi üzrə əhəmiyyətli irəliləyişə nail olublar və əksər məsələlərdə razılıq əldə olunub. Məhz o zaman təklif olundu ki, razılığı əldə etmiş məsələlər üzrə bir sənəd imzalansın və paraflansın, razılaşdırılmamış məsələlər üzrə danışıqlar davam etdirilsin. Eyni zamanda konstitusiya dəyişikliklərə bağlı referenduma hazırlıq görülsün. Referendum keçirilərək konstitusiya dəyişikliyi ediləndən sonra da yekun sülh müqaviləsi imzalansın.

 

Başqa sözlə, Paşinyan yeni bir fikir demir. Sadəcə Azərbaycandan səslənən fikirləri təkrarlayır. Bununla da Paşinyan beynəlxalq ictimaiyyətə Ermənistanın konstruktiv və sülh tərəfdarı olduğu obrazını nümayiş etdirməyə çalışır. Paralel olaraq, intensiv şəkildə silahlanma həyata keçirilir, sərhədlərdə təxribatlar davam etdirilir. Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələ də üç il sonraya atılır. Bu o deməkdir ki, yaxın üç ildə Azərbaycan-Ermənistan arasında tam şəkildə yekun sülh müqaviləsinin imzalanması mümkün olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər