Himnimizi səsləndirən Karenin həyat yoldaşı: “Prezidentlərin qarşısında…”
Millətlər Liqası çərçivəsində keçirilən Slovakiya-Azərbaycan matçında dövlət himnimizi səsləndirən almanəsilli kubalı müğənni Karen Manafzadənin həyat yoldaşı, beynəlxalq müsabiqələr laureatı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Tacxeber.com olaraq müsahibəni təqdim edirik.
– Abuzər bəy, həyat yoldaşınız Karen Manafzadənin Slovakiya-Azərbaycan matçında dövlət himnimizi səsləndirməsinin bu qədər diqqət çəkəcəyini gözləyirdinizmi?
– Öncə bildirim ki, həyat yoldaşım Karen miliyyətcə almanəsilli və kubalıdır. O, Almaniya vətəndaşıdır, ana tərəfdənsə kubalıdır. Biz beş ildən artıqdır ailə qurmuşuq. Karen artıq musiqilərimizi hər yerdə səsləndirir. O, vokalist və aktrisa kimi fəaliyyət göstərir.
Biz piano ifa edərkən tanış olmuşuq. Sonra dünyanın hər yerində mənim dirijorluğum və piano müşayiətimdə birlikdə konsert proqramı ilə çıxış etmişik. Əslində, matçda ifa həyat yoldaşımın ilk çıxışı deyildi. Bu dərəcədə diqqət çəkməyimiz d’ sürpriz olmadı. Amma bu çıxış çox böyük xoşbəxtlikdir. Çünki azərbaycanlı olmayan birisinin o cür hisslərlə himnimizi səsləndirməsi və bu insanın mənim həyat yoldaşım olması özəl bir hiss doğurdu.
Azərbaycan xalqının Kareni sahiblənməsi bizim üçün qürurverici haldır. Haqqımızda sosial mediada şəbəkə istifadəçiləri inanılmaz gözəl fikirlər səsləndirirlər. Bu da bizi çox xoşbəxt edir. Buna görə də xalqımıza ürəkdən təşəkkür edirik. O, hər zaman bizim mahnılarımızı, bəstəkarlarımızın əsərlərini, opera əsərlərini səsləndirib.
Eyni zamanda Karen Azərbaycan dilində bir mahnı da yazıb, onun “Azərbaycan gözəlisən” adlı mahnısı da var. Həyat yoldaşım himnimizi bu günə qədər bir çox yerlərdə səsləndirib. Hətta biz cənab prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında ailəmizlə birlikdə konsert proqramı ilə çıxış etmişik.
Atam İslam Manafov Azərbaycanın əməkdar artisti, pianoçusudur. Bacım Turan Manafzadə əməkdar artist, pianoçu, bəstəkar və Azərbaycanın ilk xanım dirijorlarından biridir. Anam Şükufə Manafova da pianoçu və piano müəlliməsidir. Mən isə Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Dirijorluq fakültəsinin ilk azərbaycanlı tələbəsiyəm.
Karenlə biz burada tanış olmuşuq və Avstriyada da toy mərasimimiz olub. Bakıda da toyumuz olub.
–Karen xanım Azərbaycan dilini bilir?
– Biz Karen ilə evləndikdən sonra Azərbaycan dilini özəl müəllimdən öyrənməyə başladı. O, çox çalışqan insandır, səhər saat 5-də oyanıb dilimizi öyrənib. Musiqi səsləndirəndə isə mən və ailəm dəstək oluruq. Bu çıxış Slovakiya Futbol Assosiasiyasının Azərbayacana bir jesti idi. Onlar Azərbaycanın Slovakiyadakı səfirliyinə müraciət ediblər və himnimizin kimin tərəfindən ifa edilməsi haqqında maraqlanıblar.
Səfirliyimizin əməkdaşları isə tanınmış musiqiçi kimi mənə müraciət etdilər. Çox sağ olunlar. Mən də cavablandırdım ki, mənim həyat yoldaşım da himnimizi ifa edə bilər. Dəfələrlə himnimizi ifa edib, amma azərbaycanlı deyil. Onlara videoları göndərdik və qəbul etdilər.
Həyat yoldaşım da böyük qürur və məmnuniyyətlə təklifi qəbul etdi. Biz birlikdə çıxış etdik. Həmin an mənim gözlərim doldu. Çünki himnimiz dünyanın ən gözəl himnlərindən biridir. Böyük xoşbətliklə orada çıxış etdik.
– Bir neçə ölkədə Karen xanımla konsert proqramı ilə çıxış etdiyinizi açıqladınız. Maraqlıdır ki, Qarabağda da konsert verməyi düşünürsünüzmü?
– Biz Bakıda konsert proqramı ilə çıxış etmişik. Əlbəttə, təkrar ölkəmizdə konsert proqramı ilə çıxış etməyə şad olarıq. Qarabağ işğaldan azad edilən zaman həyat yoldaşımın hansı hissləri keçirdiyini sizinlə paylaşmaq istəyirəm. Çünki himni səsləndirdikdə necə ürəkdən ifa edirdisə, inanın ki, hər bir şəhərimizin işğaldan azad edilməsi xəbərini eşitdikdə də həmin hissləri keçirib. Biz bir-birimizə sarılıb sevincdən ağlayırdıq. Mən hələ də bu haqda danışanda kövrəlirəm. Bu bizim üçün çox özəl hisslərdir.
Həyat yoldaşımın Azərbaycana qarşı sevgisi məni həqiqətən təəccübləndirir və inanılmaz xoşbəxt edir. Mən diasporanın dəvəti ilə Şuşada olmuşam. Şuşanı görmüşəm və çox şükür ki, doğma torpağımızı görmək bizə nəsib oldu. Amma həyat yoldaşımla hələ ki Qarabağa birlikdə getmək qismət olmayıb. Amma ümid edirəm ki, ən yaxın zamanda həyat yoldaşımla nəinki Qarabağı ziyarət etmək, həm də orada konsert proqramı ilə çıxış etmək şansımız olacaq.
– Həyat yoldaşınız Azərbaycan mahnılarından hansını sevir?
– Tam mahnının adını dəqiq deyə bilmirəm. Çünki o, bir çox Azərbaycan mahnılarını sevir və səsləndirir. Əlbəttə, himnimiz bunların arasında çox özəl bir yer tutur.