• 22 Noyabr 2024 05:17

9 sentyabr 2001-ci il, “əl-Qaidə”nin təşkil etdiyi qəsd nəticəsində əfsanəvi əfqan səhra komandiri Əhməd şah Məsud öldürülür.

 

Etnik tacik olan Əhməd şah varlı ailədə anadan olub və yaxşı təhsil alıb: Kabil politexnik institutunu bitirib, fransız dilində sərbəst danışırdı. O, Əfqanıstanda fəaliyyət göstərəcək səhra komandirləri içərisində yəqin ki, ən savadlısı idi. 

 

İlk dəfə əlinə silahı 1975-ci ildə, 22 yaşında aldı və prezident Davuda qarşı üsyanda iştirak etdi. Amma üsyan tezliklə yatırıldı.

Davudu devirən kommunistlərə qarşı isə hələ sovet müdaxiləsindən əvvəl, 1979-cu ilin yayından döyüşməyə başladı. O, özünün doğulduğu Pəncşir vadisini alınmaz əraziyə çevirdi. Sovet ordusu buranı almaq üçün dəfələrlə əməliyyat keçirsə də, hər dəfə Məsudun qüvvələrinə məğlub oldu.

 

SSRİ Əfqanıstanı tərk edəndən sonra prezident Nəcibullaya qarşı mübarizə apardı və 1992-ci ildə onu devirənlərdən biri oldu. Bürhanəddin Rəbbaninin prezident olduğu iqtidarda müdafiə naziri postunu tutdu.

Bir qədər sonra səhra komandirləri arasında hakimiyyət davası başladı. Gülbəddin Hikmətyar və keçmiş kommunist general Rəşid Dustum Kabili almaq uğrunda Rəbbani-Məsud koalisiyasna qarşı döyüşdülərr. Bu mübarizə hər iki tərəfi həm zəiflətdi, həm də xalq arasında nüfuzdan saldı. Yeni yaranan və Pakistanın dəstək verdiyi Taliban bundan istifadə edərək hakimiyyəti ələ aldı.

 

Əhməd şah Məsud yenidən Pəncşirə çəkildi və Talibanın da buranı almaq cəhdləri uğursuz oldu. 1996-2001-ci illərdə Pəncşir Əfqanıstanda yeganə nisbətən azad, tolerant ərazi idi. Qərb ölkələrinin, hətta bir zaman döyüşdüyü Rusiyanın Məsuda münasibəti də bunun əsasında formalaşırdı. İran, eləcə də Pakistanla düşmən olan Hindistan da ona yardım edir.

 

2001-ci il aprelində Avropa parlamenti qarşısında çıxış edən Əhməd şah Əfqanıstanın problemlərindən danışmaqla yanaşı ABŞ-da cidddi terror aktının törədiləcəyi barədə məhdud informasiyaya malik olduğunu deyir.

Məsuda əvvəllər də bir neçə qəsd cəhdi olmuşdu, o cümlədən əl-Qaidə və Taliban tərəfindən. Amma ölümü ilə başa çatan son qəsdin 11 sentyabrla bağlı olduğu güman edilir. Bu versiyaya görə, 11 sentyabrdan sonra ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaya biləcəyini anlayan Üsamə bin Laden amerikalıların potensial müttəfiqini aradan götürməkdə israrlı idi.

 

Özünü Mərakeş əsilli Belçika vətəndaşı kimi qələmə verən əl-Qaidə üzvləri Əhməd şahdan guya müsahibə alarkən videokamerada gizlətdikləri bombanı partlatdılar. Məsud Tacikistandakı hind hərbi hospitalına çatdırılmaq üçün mindirildiyi helikopterdə vəfat etdi.

Taliban 2021-ci ildə hakimiyyətə qayıdanda Məsudun oğlu Əhməd yenə Pəncşiri alınmaz etməyə çalışdı, amma müvəffəq olmadı.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Oxşar xəbərlər