• 19 Sentyabr 2024 20:40

Bayden 33% – Tramp 67%, Harris 63% – Tramp 37%

Bayden 33% – Tramp 67%

Harris 63% – Tramp 37%

 

Birinci debat zamanı Bayden necə böyük hesabla uduzmuşdusa, ikinci debat zamanı Tramp da Kamala Harrisə, demək olar, eyni hesabla uduzdu.

 

Harrisin Baydendən daha uğurlu çıxış edəcəyi şübhə doğurmasa da, debat təcrübəsizliyinin özünü göstərəcəyi ehtimalı vardı. Hər halda, bu, Tramp üçün səkkizinci debat idi (Hillari Klintonla 2016-cı ildə üç debat, Baydenlə 2020-ci ildə üç və bu il bir debat). Harris isə 2020-ci ildə vitse-prezidentlik uğrunda alternativi Maykl Penslə bir debatda olmuşdu. Üstəlik, natiqlik qabiliyyəti ilə seçilmədiyi dəməlumdur.

 

Amma Harris qalib gəldi. Bir yandan gözlənildiyindən daha yaxşı çıxış etdi. Digər tərəfdən də daha çox Tramp uduzdu. Əvvəlki yalanlarını təkrar etdi. Amma əgər Baydenlə debatı zamanı istənilən yalanı söyləyib cavab almırdısa, bu dəfə debat moderatorları faktçekinqə əsaslanaraq Trampın dediklərini inkar edirdilər. Məsələn, deyəndə ki, demokratlar hamiləliyin doqquzuncu ayında aborta, hətta yeni anadan olan körpələri öldürmək hüququna tərəfdardırlar, moderatorlar bunu ifşa etdilər.

 

Bundan əlavə, Harris mikrofonu söndürülən zaman da debatda iştirak eməkdə davam edirdi. Trampın dediklərinə gah qaşlarını qaldıraraq, gah başını yelləyərək, gah da açıq-aşkar gülərək reaksiya verirdi. Tramp xaarkterli adamlar üçün isə gülməli olmaq dözülməzdir, belə hallarda müvazinətlərini itirirlər.

 

Uğurlu çıxışdan ruhlanan Harris qərargahı oktyabrda yeni debat istəyir. Trampın razılıq verəcəyinə inanmıram. Çünki onun öz performansını yaxşlaşdırmaq potensialı yoxdur. Yenə eyni şeyləri deyəcək. Amma Harrisin var.

 

Bununla belə, Harrisin açıq qələbəsi sayılan debatın ictimai rəyə nə qədər təsir edəcəyi sual altındadır. Şanslar isə o qədər bərabərdir ki, 1-2 faizlik titrəmə də yarışın taleyini həll edə bilər.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər