• 23 Noyabr 2024 15:28

Toylarla bağlı yeni qadağa – Bundan sonra… 

Toylarla bağlı yeni qadağa - Bundan sonra... 

Müğənni Kərimin toy zamanı döyülməsi toylarda fonoqramla oxumaq mövzusunu aktuallaşdırıb. Bir sıra məşhurlar bu mövzu ətrafında müzakirələr açıblar. 

 

“Ötən gün toyda idim. Orada çıxış edən bəlli bir müğənnilər vardı. Sənətkar dediyimiz xanım ifaçı gəldi, 40 dəqiqə fonoqram oxudu. Ona dayanıb baxdım. Sonra aparıcı xanım gəlib mənə dedi ki, bəy və gəlin səhnədə rəqs edəcəklər. Bəlkə siz də fonoqramınızı verəsiniz, həzin bir mahnı ifa edəsiniz. Cavab verdim ki, yox! Mən toydakı camaatla belə zarafat edə bilmərəm”. Bu sözləri bugünlərdə Əməkdar artist Nigar Şabanova deyib.

 

Manaf Ağayev də toyda fonoqramla oxuyanları zamanında tənqid edib.

 

“Görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur. Həmin müğənni yarım saat gəlir, fonoqramını qoyur, oxuyur, pulunu alır, çıxır gedir. Fonoqram oxuyanlar canlı oxuyanlardan daha çox toya gedir”. Sənətçi toylarda fonoqram oxuyan həmkarlarını hədəf alıb.

 

 Müğənni Nadir Qafarzadə isə hesab edir ki, beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar:  “Yarım saatlıq toya gələnlər onsuz da fonoqram oxuyurlar. Bilmirəm, təbii haldır, ya yox, axır ki, məsələ belədir. Bütün toyu idarə edən müğənni bir mahnı fonoqram oxuyubsa, bununla nə olacaq, dünya dağılacaq ki? Hə, oxuyub, oxuyub da. Buna görə adamı döymürlər, xəsarət yetirmirlər. Ən azından, xəbərdarlıq edirlər. Yəni bunu daha mədəni formada etmək olar. Hər halda, sivil bir dövlətdə yaşayırıq, Avropaya inteqrasiya etmişik. Müğənni toyda elə mahnını fonoqram oxuyur ki, musiqiçilər onu müşayiət edə bilmirlər. Çünki o mahnı studiyada aranjiman olunub. Artıq tamaşaçı həmin mahnını efirdən, radiodan bu cür eşidib deyə, müğənni fonoqram oxumağa məcburdur ki, eyni effekt alınsın, gələcəkdə toyun diskinə baxanda daha keyfiyyətli səslənsin. Burada qəbahət bir şey yoxdur. Beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar, heç nə olmaz. Onsuz da bu adam canlı oxuyur. Canlı ifa edə bilən müğənninin bir-iki fonoqram oxuması bağışlanandır”.

 

Beləliklə, Azərbaycanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumağın qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, əsl sənətkarları saxta müğənnilərdən ayırmaq üçün fonoqram qadağan edilməli və bununla bağlı rəsmən qərar verilməlidir.

 

Qeyd edək ki, məsələn, Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub. Bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb. Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib. Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.

 

Bəs Azərbaycanda da bu qadağa tətbiq oluna bilərmi, ehtiyac varmı?

 

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Burada birinci növbədə müqavilə olmalıdır və əgər müğənninin fonoqram deyil, canlı ifası arzu edilirsə, müqavilə şərtlərində  göstərilməlidir, müğənni də buna riayət etməlidir. Amma buna görə adam döymək vəhşilikdir.  Yaxşı olardı ki, müqavilə yazılı formada olsun, bu, daha məqsədə uyğundur. Çünki gələcəkdə hansısa iddia qaldırmaq üçün bu, daha əlverişli imkan yaradır.  Beləliklə, hesab edirəm ki, bu məsələ ətrafında mülki hüquqi öhdəlik var. Əgər müğənni öhdəlik götürübsə ki, fonoqramsız oxumalıdır, buna riayət etməlidir. Təbii ki, bu da zövq məsələsidir, bir çox insanlar öz toyunda canlı ifa istəyir, bəziləri fonoqramla razılaşır.

 

Xatırladım ki, bir müddət əvvəl qanunvericilikdə televiziyalarda fonoqramsız ifanı təşviq edən maddələr saldıq, fonoqramla ifa qadağan olundu. Amma televiziyalar buna əməl etmədi. Ümumiyyətlə, buna əməl etmək də mümkün deyil, çünki Azərbaycanda qanunvericiliyin hər kəsə tətbiqi imkanları bir qədər çətindir. Digər tərəfdən, nəzarət edən qurumların özünün də bu məsələdə həvəssiz davrandığını və yaxud bunu hansısa başqa məqsədlə etdiyini görürük. Ona görə də  hesab edirəm ki, fonoqram oxuduğuna görə müğənnini döymək və yaxud onu hansısa şəkildə təhqir etmək tamamilə biabırçı davranışdır. Burada hüquqi addım atılmalıdır”.

 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın xan Əbilov qeyd edib ki, toyda baş verən hadisələr həmişə cəmiyyətimizdə maraqlı olur: “Digər ölkələrlə müqayisədə Azərbaycanda müğənnilər daha çox toylardan, el şənliklərindən qazanırlar. Konsertlər verib və yaxud disk buraxıb, “YouTube” platforması üzərindən mahnılarını satıb, gəlir əldə edən müğənnilərə demək olar ki, rast gəlmirik. Beləliklə, toylarda  müğənnilər həm sənətsevərlərlə birbaşa ünsiyyətdə olur, həm də sənətlərini genişləndirmək, inkişaf etdirmək üçün müəyyən maddi imkanlar əldə edirlər.

 

Toylarda fonoqrama ifalarına gəldikdə, toyun özünəməxsus cəhətləri var və bu cəhətlər də hər zaman canlı oxumağa imkan vermir. Toylar müxtəlif akustik imkanı olan məkanlarda həyata keçirilir, həmçinin bəzən kənd yerlərində çadırlarda təşkil olunur və bu zaman burada həm müğənnidən, həm də musiqiçilərdən yüksək səviyyəli ifa tələb etmək qeyri-mümkün olur. Ona görə də Azərbaycan toylarında, tədbirlərində fonoqramdan istifadə edən sənətçilər həmişə olub və bundan sonra da olacaq.  Gəlin təsəvvür edək, toya yarım saata gələn hansısa sənətçiyə 2500-3000 manat qonorar verib, özü ilə ansambl gətirməsini tələb edə bilmərik. Müğənni həmin qonorarla musiqiçilərə, eləcə də səs rejissoruna aldığı puldan qonorar verə bilməz. Bu, qeyri-ciddi tələbdir və buna görə toyda oxuyan müğənnilərin fonoqramla ifasını normal qarşılamaq lazımdır.

 

Əslində bu məsələnin çox sayda sivil yolu var. Belə ki, hər hansı toy sahibi  və yaxud şadlıq evinin sahibi müğənnini dəvət edərkən toy təşkilatçıları ilə əvvəlcədən razılaşır və yazılı müqavilə bağlanır, müqavilədə həm müğənninin qonorarının nə qədər olması, həm vergilərin kim tərəfindən ödənilməsi sənətçilərin öz ansamblı, səs rejissoru, avadanlığı ilə gəlməsi və yaxud əksinə, tək gəlib fonoqram oxuması mütləq  qeyd olunmalıdır. Yazılı müqavilədə həm də o qeyd edilməlidir ki, əgər bu müqavilədə göstərilən şərtlər pozularsa, sənətçini pul cəzası və yaxud qanunvericiliyin imkan verdiyi inzibati məsuliyyət gözləyir. Amma hansısa sənətçinin fonoqram oxumasına görə döyülməsi, mübahisə edilməsi, təhqir olunması qeyri-etikdir, mədəniyyətsizlikdir. Əgər müğənni toya dəvət olunubsa, ona hörmət edilməlidir. Çünki müğənni ilk növbədə həmin toyun xüsusi qonağıdır, o, sıravi qonaq deyil. Hətta narazılıq yaranasa belə, onu toydan  sonra ayırd etmək olar. Yoxsa qoçu kimi toyda dava salmaq, müğənni döymək həm həmin toyun aurasını pis şəkildə korlayır, həm də toy sahibini dilə-dişə salır.

 

Şəxsən mən müğənni Kərimin yerinə olsaydım, heç bir müqavilə, ilkin razılıq olmadığına görə toy sahibi tərəfindən ona olan hücumu məhkəmə yolu ilə ayırd  edərdim və başqalarına nümunə olsun deyə həmin toy sahibinin cəzalandırılmasını tələb edərdim”.

Tacxeber.com

Oxşar xəbərlər