• 23 Noyabr 2024 15:10

Tramp və Kamala Harrisin ilk debatı – Qarşılıqlı ittihamlar, absurd bəyanatlar və sıfır nəticə

Tramp və Kamala Harrisin ilk debatı - Qarşılıqlı ittihamlar, absurd bəyanatlar və sıfır nəticə

ABŞ-də prezidentliyə namizədlər respublikaçı Donald Trampla demokrat Kamala Harrisin maraqla gözlənilən ilk debatı baş tutdu. Lakin bu debata baxanda həqiqətən də adam xəcalət çəkir, ikrah hissi ilə gülür və dünyaya kimlərin birqütblü hökmranlıq etmək istəyinə təəssüf edir. Debat ərzində tərəflər bir-birini narahatlıq doğuran daxili məsələlərdə yox, daha çox qlobal problemlərdə ittiham etdilər. Nə qlobalist siyasətindən uzaq olduğunu deyən Tramp, nə də demokratiya çətiri altında gizlənən Kamala Harris daxili məsələlərə çox kökləndi. İkisi də ABŞ siyasətinin mahiyyətinə uyğun olaraq özlərini dünyanın xilaskarı və təəssübkeşi kimi təqdim etdilər. Çünki dünya “gülüstan” olsa, ABŞ daha da arzusuna çatacaq. Daha dəqiq desək, dünya xarabalığa dönsə, ABŞ daha firavan və imperialist hökm sürəcək. Buna görə də debatda səslənən fikirlərin və qarşılıqlı ittihamların yalnız absurd və xal qazanmağa hesablandığını demək olar.

 

Debatda ən çox diqqət çəkən məqam isə gözlənildiyi kimi regional qarşıdurmalarla bağlı idi. Xüsusən də Rusiya-Ukrayna və İsrail-Fələstin böhranı müzakirələrin əsasını təşkil edirdi. Məsələn, Tramp Harrisi ittiham edirdi ki, o, Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyətində deyil, amma özü müharibənin bitməsini istəyir. Məqsədi isə müharibənin bitməsi ilə daha çox dinc insanın həyatını xilas etməkdir. Bunun üçün də Ukraynaya dəstəyi dayandırmaq əsas şərtdir. Hətta, prezident seçilməmişdən əvvəl tərəflər arasında danışıqlar aparmağa hazırlaşır. Amma riyakarlığa və qeyri-səmimiyyətə baxın ki, Tramp bunun ardı ilə Harrisi İsrailə nifrətdə ittiham edir və onun İsrailin Qəzza əməliyyatına qarşı olmasını qınayır. Bəs necə olur ki, Ukrayna-Rusiya müharibəsində ölənlər insandır, Tramp daha çox insan ölməsin deyə müharibəni bitirmək istəyir, amma Qəzzada ölənlər dinc insan və məzlum hesab edilmir? Müharibəni bitirmək üçün Rusiyaya dəstək və ya Ukraynaya yardımı dayandırmaq yaxşıdır, amma Qəzza əməliyyatında İsrailə dəstək davam etməlidir? Bu, cəfəngiyyat deyilsə, nədir?

 

İndi isə Harrisin iddialarına və ittihamlara verdiyi cavablara gələk. Harris hesab edir ki, Tramp Rusiyaya yaltaqlanmaq üçün Ukraynaya dəstəyi dayandırmaq istəyir. Üstəlik, bunu prezident seçilməmişdən əvvəl etmək niyyətindədir. Birincisi, ABŞ-nin Rusiyaya yaltaqlanması Birləşmiş Ştatların beynəlxalq imicinə zərbədir, ikincisi isə 18-ci əsrdə ABŞ-də qüvvəyə minən və hələ də qüvvədə olan “Loqan aktı” Trampa imkan vermir ki, o, iqtidara gəlməmiş proseslərə səlahiyyət sahibi kimi müdaxilə etsin. Çünki həmin akta əsasən, ABŞ vətəndaşı rəsmi səlahiyyəti olmadan xarici ölkələrin nümayəndələri ilə danışıqlar apara bilməz. Bu qanunu pozmaq ağır cinayətdir. Trampın prezident seçilməmişdən əvvəl belə bir addım atmaq cəhdi qanunun kobud şəkildə pozulmasıdır və o, buna görə cinayət məsuliyyəti daşıyır.

 

Bununla yanaşı, tərəflər ağızucu olsa da, daxili problemlərdən də söz açıb, sosial siyasət, iqtisadi və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Təbii ki, burada da qarşılıqlı ittihamlar havada uçuşub. Debatdan sonra isə hər iki tərəf üstün olduğunu bəyan edib.

Yekunda kimin qələbə qazanacağına noyabrın 5-də ABŞ vətəndaşları ya da dərin dövləti qərar verəcək. Baydenin geri çəkilməsindən sonra Harris həqiqətən də demokratların itirilmiş imicini və nəticədə düşən səs faizlərini geri qaytarmağı bacarıb. Lakin fakt ondadır ki, bu gedişlər nə ABŞ-ın ənənəvi siyasətini dəyişəcək, nə də bəşəriyyətin üzü güləcək. (oxu.az)

Tacxeber,com

Oxşar xəbərlər