• 23 Noyabr 2024 23:20

Nömrəsini versəm, o generala zəng etməyə cəsarətiniz çatar?

 

Ən azı beş-altı dəfə Elza Seyidcahanla eyni verilişdə qonaq olmuşuq. On iki il əvvəl isə Şimali Kiprdə keçirilən təntənəli mərasimdə iştirak etmişik. Beş gün eyni oteldə qalmışıq, eyni masada qəlyanaltı etmişik, eyni maşında tədbirlərə getmişik. Sizə bir söz deyim: Elza bütün davranışlarında səmimidir, uşaq kimi safdır… 

 

Seyidcahan yenə cahana səs salıb. Təbii ki, ifası ilə deyil, yeni yazdığı şeirlə. İfası mükəmməldir, musiqişünaslar bəstəkar kimi istedadını yüksək qiymətləndirirlər. Əgər Allah-Təalanın bəxş etdiyi istedadı ədəbiyyata deyil, mədəniyyətə, incəsənətə sərf etsə, musiqi tarixində dərin iz qoya bilər.

 

Elza xanımın tikməkdən, sökməkdən bəhs edən yeni şeiri yenə müzakirələrə səbəb olub. Əşşi, başa düşdük də, bu adam Nizami, Füzuli, Nəsimi deyil. Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin su içdiyi bulağın yanından da keçməyib. Bundan sonra 40 il şeir yazsa da, yenə Aida Adıgözəlin iki misrası qədər ədəbiyyata töhfə verə bilməyəcək. İndi nə təklif edirsiniz: Elzanı güllələyək?

 

Qazaxda hamı şeir yazır. Yaxşı yazan da var, pis yazan da. Amma heç kim onlara irad bildirmir. Qonşudan danos yazıb mərdimazarlıq etməkdənsə, şeir yazıb xoşbəxt olmaq daha yaxşıdır…

 

Məni təəccübləndirən Elzanın şeir yazmağı deyil, o, hər dəfə şeir yazanda jurnalistlərin AYB sədri, Xalq yazıçısı Anarın telefonunu yığmağıdır. Elza Seyidcahan AYB-dən bir manat da maaş almır. Üstəlik, büdcə vəsaiti hesabına kitab çap etdirməyib, indiyə kimi dövlət büdcəsinə 1 quruş ziyan vurmayıb. Özü üçün yazır də. Guya bizim yazdıqlarımızın hamısı Quran ayəsidir?

 

Hərə bir cür xəstədir. O da ədəbiyyat xəstəsidir…

 

Hər dəfə AYB sədri Anara zəng edib Elza xanımın zəif şeirlərinə görə hesabat tələb edən dostlara səslənirəm: Dörd-beş il əvvəl Bakıda Əhməd həkim xəstənin çürüməkdə olan ayağını qoyub sağlam ayağını kəsmişdi. Bəs onda niyə Səhiyyə naziri Oqtay Şirəliyevə zəng edib soruşmadınız ki, bu adam dövlət xəstəxanasında necə işə düzəlib?

 

Yəqin yadınızdadır, yeddi – səkkiz il əvvəl Azərbaycanda hakim ölmüş adamın “ifadəsi” əsasında sağlam adamı məhbəsə göndərmişdi. Həmin vaxt Ədliyyə naziri Fikrət Məmmədova zəng etmək niyə ağlınıza gəlməmişdi?

 

Neçə aydır Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Hazırda müttəhimlər kürsüsündə əyləşən 1 general, 3 polkovnik dəhşətli faktlar açıqlayırlar. İstintaq zamanı məlum olub ki, bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.

 

Niyə bir dəfə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova zəng edib soruşmursunuz ki, əli silahla oynayan adamlar 60 min manatlıq gülü, 14 min manatlıq dibçəyi neynirlər?

 

Zakir Həsənovun telefonunun nömrəsini bilmirsiniz? Tapsam, zəng etməyə cəsarətiniz çatar?

 

Deyirəm, bir dəfə də əlində qələm olan deyil, əlində silah olan adamlara gücümüzü göstərək…

Tacxeber.com

Oxşar xəbərlər