Elman Nəsirov: “Guya hakimiyyət müxalifətin əsas dayaqlarından birini sıradan çıxarmaq, varlığına son qoymaq istəyir”
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev Partiyanın sədri Əli Kərimlini məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsində keçmiş rəhbəri ilə bağlı Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan, 148-ci, yəni təhqir maddələri üzrə cinayət işinin açılmasını tələb edir. Fikir verirsiniz, iddiaçı və cavabdehlər eyni partiyanın üzvləri, eyni partiyada uzun müddət bir yerdə olmuş şəxslərdir. Bu addımın atılması bir daha göstərir ki, zaman keçdikcə AXCP-nin əsl mahiyyətinin, onların kimə xidmət etdiklərinin, hansı dirijor çubuğu altında xaricdən idarə olunduqlarının fərqinə vardıqca insanlar partiyanın sıralarını tərk edirlər. Xüsusilə, AXCP-də yüksək vəzifə tutmuş şəxsin nəinki Partiyanı tərk etməsi, eyni zamanda sədrini məhkəməyə verməsi göstərir ki, AXCP sözün əsl mənasında böhran dövrünə qədəm qoyub. Bu vəziyyətdə AXCP və onun rəhbərliyi, şəxsən Əli Kərimli düşünməli idi ki, niyə AXCP-nin nüfuzu bu qədər aşağıdır? Niyə sosial bazası yoxdur? Etiraf etməli idi ki, niyə seçkilərə getmir? Etiraf etməli idi ki, seçkilərə gedib məğlubiyyət ovqatını yaşamaqdansa, seçkiyə qatılmamaq yolunu seçdik. Amma eyni zamanda düşünməli idilər ki, nələri səhv edirlər. Niyə xalq onların arxasınca getmir? Niyə bu gün faktiki yalquzaq həyatı yaşayırlar? Bunun qarşılığında AXCP və onun rəhbərliyi indi də növbəti iddialarla çıxış edirlər ki, guya hakimiyyət müxalifətin əsas dayaqlarından birini sıradan çıxarmaq, müxalifətin varlığına son qoymaq istəyir. Bunların hamısı utopik yanaşmalar, əsassız iddialardır”.
Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.