• 24 Noyabr 2024 07:10

Xruşşovu qarğıdalı “xəstəliyi”nə yoluxduran amerikalı dostu Rosuell Bob Qarst

Bob Qarst qarğıdalı üzrə güclü mütəxəssis idi. Hələ 1930-cu ildə qarğıdalının adi toxumdan daha məhsuldar olan hibrid toxumunu yaratmışdı. 

 

O, SSRİ-də ilk dəfə 1955-ci ildə oldu. Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak üçün Kənd təsərrüfatı nazirliyinin dəvəti ilə Moskvaya gələn Ayova fermerlərindən biri idi. Burada Xruşşov və digər rəsmilərlə görüşdə qarğıdalının faydalarından danışdı. Həmin ildən etibarən sovetə hibrid toxumundan satmağa başladı.

 

1959-cu ildə Xruşşov Ayovaya getdi. Artıq özünü qarğıdalışünas sayan Nikita Sergeyeviç hətta Qarsta məsləhət verməyə başlayır: deyir ki, bitkini lazım olduğundan daha sıx əkib.

 

Birinci katibin tərcüməçisi olmuş şəxs həmin söhbəti sonralar belə təsvir edirdi: biri qarğıdalı üzrə həqiqətən mütəxəssis olan, digəri isə özünü mütəxəssis sayan iki adamın söhbəti.

 

Qarğıdalı həqiqətən də faydalı ola bilərdi, xüsusən də yem kimi istifadə olunmaqla heyvandarlığın inkişafında. Amma SSRİ-də şitini çıxardılar. Hər yerdə qarğıdalı əkməyə başladılar, hətta iqlimi uyğun olmayan yerlərdə də. Konyunkturaçılıq da öz yerində: yerlərdəki məmurlar Moskvanın qarğıdalıya önəm verdiyini biləndə, başqa bitkilərin əkinini ləğv edib qarğıdalı əkdilər. Nəticədə əkinçilikdə tarazlıq anormal şəkildə pozuldu, bu da 1960-cı illərin əvvəllərində taxıl çatışmazlığına səbəb oldu.

 

ABŞ-ın radikal sağ kəsimi Qarsta xor baxırdı, xüsusən də Karib böhranından sonra ABŞ-SSRİ münasibətləri gərginləşəndə. Onu hətta kommunist adlandırırdılar. Halbuki sovet rejiminə heç rəğbəti yox idi.

 

Xruşşovun vəzifədən çıxarılmasından sonra qarğıdalı kampaniyası da, Qarstın SSRİ ilə əlaqələri də zəiflədi.

 

O, 1977-ci ildə vəfat etdi. Babası haqqında danışan nəvəsi onun SSRİ ilə isti münasibətlərini belə izah edirdi: SSRİ öz kənd təsərrüfatını dirçəltmək istəyən vaxt babam biliklərini bölüşməyə hazır idi. O, ideoloji ziddiyyətləri kənd təsərrüfatının köməyi ilə ortadan qaldırmaq istəyirdi… Əməkdaşlığın daha bir səbəbi də vardı. Babam tez-tez deyirdi: “Ac adam – təhlükəli adamdır”.

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Oxşar xəbərlər