Qızılcaya yoluxma TƏHLÜKƏSİ yenidən artır – Ölkədə epidemioloji durum NECƏDİR?
Bildiyimiz kimi, payız-qış ayları yaxınlaşdıqca mövsümi xəstəliklər, infeksiyalar daha da yayılmağa başlayır. Belə infeksiyalardan biri qızılca xəstəliyidir. Xatırladaq ki, bu il Azərbaycanda qızılcaya kəskin yoluxma müşahidə olunurdu.
Bəs indi necə? Havalar soyuduqca qızılcaya yoluxma halları artıb?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə tədris ilinin başlanması ilə əlaqədar olaraq ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi-profilaktik tədbirlərin aparılması davam etdirilir:
“Müəssisələrdə otaqların havalandırılması və profilaktik dezinfeksiya tədbirlərinin aparılması həyata keçirilir”.
Ölkədə qızılcayla bağlı epidemoloji vəziyyət necədir?
Məlumatda bildirilib ki, ölkədə hazırda qızılca infeksiyasına yoluxma tək-tək hallarda rast gəlinir:
“Qızılca əleyhinə vaksin preparatları kifayət qədərdir. Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə profilaktik peyvəndlər təqviminə əsasən 12 aylıqda və 6 yaşda olan uşaqlar qızılca əleyhinə peyvəndə cəlb olunurlar. Vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 10 yaşa qədər uşaqların QPM peyvəndi və 11-40 yaşlı əhalinin isə QM peyvəndi ilə vaksinasiyası davam etdirilir”.