• 24 Noyabr 2024 05:05

Pezeşkiandan ikibaşlı bəyanat – Bu sözləri deməyi ona Xamenei tapşırıb?

 

İran Prezidenti Məsud Pezeşkianın son açıqlamaları ABŞ və Qərbə müsbət mesaj olaraq dəyərləndirilir. Pezeşkian mətbuat konfransında Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib. Həmçinin onun yaxın zamanda Vaşinqtona səfər edəcəyi də açıqlanıb.

 

İran prezidentinin sözügedən bəyanatları ölkənin ali rəhbəri Ayətullah Xameneinin tapşırığı ilə səsləndirdiyi iddia edilir. İsti mesajların əslində Pezeşkianın adı ilə birbaşa Xamenei tərəfindən verildiyi deyilir. Məlumata görə, o, bununla Qərblə münasibətləri yumşaltmağa çalışır.

 

Tehranla Vaşinqton arasında böyük barışıq ola bilərmi? Prosesə İsrailin də daxil edilməsi mümkündürmü?

 

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Pezeşkianın mətbuat konfransında səsləndirdiyi fikirlərin Xamenei ilə razılaşdırıldığı şübhə doğurmur:

 

“İran prezidenti razılaşma olmadan xarici siyasətlə bağlı belə ciddi fikirlər səsləndirə bilməz. Amma diqqət yetirək, görək yeni seçilmiş prezident nə kimi fikirləri ortaya atıb ki, bunlar İranın xarici siyasətinin dəyişməsini sübut edir. Maraqlıdır, Pezeşkianın irəli sürdüyü təklifləri dinləyən Qərb onunla münasibətləri normallaşdırmağa can atacaqmı?

 

Mətbuat konfransında Prezident Məsud Pezeşkian Tehranın müharibələr və gərginliyin əleyhinə olduğunu bir daha bəyan etdi. Lakin İranın təcavüzə qarşı özünü müdafiə etməkdə qərarlı olduğunu vurğuladı. O, İranın heç kimlə münaqişədə olmadığını dedi”.

 

Politoloqun sözlərinə görə, Tehrandan Qərbə ünvanlı daha əvvəl də bənzər bəyanatlar səsləndirilib, lakin müsbət cavab alınmayıb:

 

“Məgər Pezeşkiana qədər İran prezidentlərindən heç biri, yaxud Xamenei özü bu və bənzər bəyanatlar verməyiblərmi? Təbii ki, veriblər və bu bəyanatların heç biri Qərblə yaxınlaşmağa cəhd kimi qiymətləndirilməyib.

 

Çıxışının digər yerində Pezeşkian vurğulayıb ki, İran ABŞ və Avropa ilə imzaladığı müqavilələrə sadiqdir.

 

“Biz atom silahı axtarmırıq, lakin onlar (Qərb) bizi təhdid edir və deyirlər ki, İran heç bir raketə malik olmamalıdır”, – o bildirib.

 

Pezeşkianın sələfləri də bu cür bəyanatlarla çıxış ediblər. Lakin sözügedən bəyanatlar Qərb və ABŞ tərəfindən İranın istədiyi şəkildə cavablandırılmayıb. Bütün bunları analiz edərək nəticə çıxarmaq olar ki, Pezeşkianın mətbuat konfransı zamanı Qərbə doğru ünvanladığı isti mesajlar münasibətlərin yumşaldılmasına ciddi təsir göstərməyəcək. Digər tərəfdən Qərb İranla münasibətləri mənafeyinə xidmət edən zaman yumşaldacaq. Hələlik isə buna dair işarələr yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər