97 gündür aclıq etdiyini deyən alim: ‘Məni intihara vadar etmək istəyirdilər’
Onun sözlərinə görə, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində sağalması ümidsiz şəxslərin palatasında saxlanılır. F. Qasımov sentyabrın 19-da öz məhkəməsində bunları bildirib:
“Gənc bir alim heç bir cinayət törətmədiyi halda, bir ildən çoxdur həbsdə saxlanılır. Mən qanunsuz həbsimə etiraz olaraq, 97 gündür aclıq edirəm. Türkiyə mətbuatı da mənimlə bağlı yazıb. Orada deyilir ki, təqsirləndirilən şəxs ölür, amma onu yarğılayan tərəfin tükü tərpənmir”.
34 yaşlı alimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ailə üzvlərinin bildirdiyinə görə, aclıq nəticəsində çəkisi 35 kq-a düşən F. Qasımov sentyabrın 19-da məhkəmə zalına əlindəki əsanın köməyilə hərəkət edərək gəlib.
“Həkim deyib ki, bu, ölüm təzyiqidir”
Qasımov bir neçə gün öncə Müalicə Müəssisəsində qardaşıyla görüşdə durumunun kəskin pisləşdiyini söyləyib:
“Qardaşımın yanında ürəyim gedib, həkim çağırıblar. Təzyiqimi ölçüblər, məlum olub ki, 50-dir. Həkim deyib ki, bu, ölüm təzyiqidi”.
Qasımov özü haqqında cinayət işinə xitam verilməsini istəyib, bununla bağlı vəsatət qaldırıb. O, Türkiyədə saxta dollar əldə edib, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu vasitəsilə Azərbaycana gətirməkdə və onunla əlbirlikdə ittiham olunur.
Təqsirləndirilən alim bu ittihamın yalan olduğunu və sifarişlə həbs edildiyini, işgəncələrə məruz qaldığını bildirir. O, başına gələnlər haqda öncəki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri yenidən hakimlərin diqqətinə çatdırıb:
“Verdikləri işgəncələrlə məni intihara vadar eləmək istəyirdilər. Başımı unitazın içinə salmaqdan tutmuş, çayıma psixotrop maddə qatmağa, ailəmlə hədələməyə qədər ən müxtəlif növ işgəncələrdən istifadə olunub”.
O vurğulayıb ki, 97 gündür sürən aclıq aksiyası da heç bir cinayət törətmədiyi halda, günahsız bir adamın başına gətirilənlərə etirazıdır.