• 24 Noyabr 2024 03:18

“Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə…” – Aqil Abbas

 

Son günlər müzakirə edilən mövzulardan biri də işğaldan azad olunan ərazilərdə evlərin kirayə verilməsidir. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır.

 

Hətta iddia olunur ki, həmin evlərin aylıq qiyməti 5 min manat civarındadır.

 

Bu, nə dərəcədə doğrudur? Oradakı fərdi evlər kirayə verilə bilərmi?

 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aqil Abbas deyib ki, evlərin kirayə verilməsində pis bir iş yoxdur:

 

“Qarabağ turistik yerdir, evlərin qiyməti 100-150 manat aralığında dəyişir. Biz də ailəmlə birlikdə Laçında yerləşən evlərdən birində gecəsi 100 manata qaldıq. Bilirsiniz, evi olan o yolla pul qazanır. Burada nə var ki? Bakıda, Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?”

 

A.Abbas bu məsələnin hansı səbəbdən insanlarda narazılıq yaratdığını anlamadığını qeyd edib:

 

“Niyə belə olduğunu anlamıram, amma bildiyim odur ki, evi kirayə vermək adi haldır. Düşünün, Şuşaya gündə 7 min adam gedir. Qonaq evləri bahadır deyə, münasib qiymətə kirayə evlərdə qalırlar. Açığı, Laçında otel xoşumuza gəlmədi, biz də otelin yanında 4 otaqlı ev tapdıq. Özü də ev sahibi olan xanım şəhid ailəsi idi. Burada ayıb və ya günah olan nəsə görmürəm. İnsanlar pul qazanır”.

Tacxeber.com

Oxşar xəbərlər