• 23 Noyabr 2024 07:33

İmmunitetin güclənməsi: işlək üsullar

İmmunitetin güclənməsi: işlək üsullar

İnsan orqanizminin dünyada ən mükəmməl müdafiə sistemi var – immun sistemi. Bu sistem bir neçə müdafiə səviyyəsindən, insan orqanizminin hüceyrələri, toxumaları və orqanları ilə qarşılıqlı əlaqədə olan çoxsaylı ayrı-ayrı komponentlərdən ibarətdir. Bu sistem həm də özünü öyrənmə qabiliyyətinə malikdir. Bizim immun sistemimiz hər gün yüzlərlə pato­gen mikroorqanizmlərin hücumunu dəf edir və bədənin daxilində və səthində məskunlaşan hələ yüzlərlə də şərti-patogen mikroorqanizmləri nəzarətdə saxlayır. Ömrümüz boyunca immun sistemi ətraf mühitdəki potensial düşmənləri izləyir, onlarla effektiv mübarizə aparmağı və hələ zərər yetirməmiş onları məhv etməyi öyrənir. Odur ki, immunitet barəsində yüngül yeldən belə aşmağa hazır olan çürük hasar kimi təsəvvürlərin yaradılması ən böyük uydurmadır.

Nə üçün superimmunitet mifdir?
Nə olardı ki, təbiət elə güclü immun sistemi yaradardı ki, hər hansı patogen mikroorqanizm adama yaxınlaşan kimi ölü düşərdi? Cavab sadə və üzdədir. Ona görə ki, superimmunitet insanın özü üçün təhlükədir. Bu möhtəşəm çoxkomponentli mürəkkəb sistemdə baş verən hər hansı xəta qalan orqanların işinin pozulması ilə təhlükəlidir. Nümunə olaraq:
• Allergiya – həddən artıq aktiv immun sisteminin başqa sistemlər üçün tam adi zülallara qarşı qeyri-adekvat reaksiyasının nəticəsidir. Müvafiq olaraq, allergik astma və ekzemanı misal gətirmək olar.
• “Sitokin qasırğası” – orqanizmin o dərəcədə güclü iltihab reaksiyasıdır ki, bu zaman nəzarətsiz hasil olunan külli miqdarda sitokinlər poliorqan çatışmazlığa, hətta pasiyentin ölümünə səbəb olur. “Sitokin qasırğası” qrip pandemiyası zamanı ölüm səbəblərindən biridir.
• Autoimmun xəstəliklər – anomal aktiv immun hüceyrələr sahib orqanizmə qarşı silahlanır. Misal – revmatoidli artrit, 1 tip şəkərli diabet və s.
“İmmuniteti gücləndirməyə” çağıranlar sadala­nanlardan hansını nəzərdə tutur? Göründüyü kimi, immun sisteminin həssaslığının və ya böhranlı hallarda onun hasil etdiyi maddələrin, hüceyrələrinin sayının artması orqanizm üçün son dərəcə təhlükəlidir.
Üstəlik, xarici həmlə ilə üzləşən immun sistemi özünün hüceyrə “qoşunlarını” artırırsa, sonradan, “zəfər döyüşündən” sonra orqanizm artıq immun
hücey­rələrindən azad olunmağa çalışır, bu hücey­­­rələr apoptoz (proqramlaşdırılmış ölüm) prosesində parçalanır.
“Güclənmiş” immun sisteminin mövcudluğu alimlər arasında sübuta yetirilməyib. İmmunitetə aid “norma” və “patologiya” anlayışları işlə­nir, “immuniteti gücləndirmək”, “immuniteti möhkəm­lən­dirmək”, “immun sistemini yaxşılaşdırmaq” kimi ifadələr məna yükü daşımır və reklam törəməsidir.

İmmuniteti nə zəiflədir?
Beləliklə, insan demək olar, ideal və çox effek­tiv müdafiə sisteminin sahibidir. O, o qədər mükəm­məldir ki, onu “zəiflətmək” çox çətindir. Bəs, immun sisteminin işini gerçək dərəcədə pozan, immuniteti zəiflədən hansı amillərdir?
• Davamlı ağır streslər, aclıq, müəyyən mikro­elementlərin və vitaminlərin davamlı çatış­mazlığı (avitaminoza). Bu vəziyyətlər aylarla və illərlə davam edirsə, immun sisteminin qoruyucu mexa­nizmlərini doğrudan da sıradan çıxarır.
• İmmun sisteminə təsir edən bəzi xroniki xəstəliklər, misal üçün şəkərli diabet.
• Anadangəlmə və qazanılmış immundefisit vəziyyətlər (QİÇS), immun sistemini zədələyən proseduralar (kimya terapiyası, immunosupressiv terapiya).
• Yaş. Ahıl yaşlı adamlarda bütün sistemlərin effektiv fəaliyyəti azalır, o cümlədən immun sisteminin. Belə ki, infeksiyaya qarşı hasil olunmalı T-limfositlərin sayı yaşla bağlı azalır, xəstəliklərə qarşı müqavimət zəifləyir.

İmmuniteti artıran hansı üsullar işləmir?
• İmmunostimulyatorların qəbulu
Bəli, immun müdafiəni gerçək gücləndirən (immunostimulyatorlar) və ya onu zəiflədən (immunosupressorlar) preparatlar mövcuddur. Amma bu dərmanlar ağır xəstəliklər zamanı yalnız həkim tərəfindən təyin edilir.
Bundan başqa, “immunostimulyator” adı altın­da apteklərdə daha çox effektivliyi sübut olunma­yan preparatlar satılır. Onların reklam olunan təh­lü­kəsizliyi və əlavə təsirlərinin olmaması yalnız gerçək dərman deyil, plasebo olduqlarını təsdiq edir.
• Vitaminlərin qəbulu
İmmun sistemini gücləndirən kimi təqdim olunan daha bir birləşmələr qrupu. İmmun sistemi ilə bağlı olan yalnız D vitaminidir ki, qeyri-aktiv T-limfositləri aktivləşdirməklə patogen mikroorqanizmləri məhv edən T-killerlərə çevirir. Digər heç bir vitamin immun sisteminin fəaliyyətində bu qədər yaxın iştirak etmir. Ən yaxşı halda, bizi sağlamlaşdırır ki, bu da gözəldir, amma “immunitetin artırılmasına” aidiyyəti yoxdur.
• Hamam və ya sauna
Hamama ya saunaya getməyin immun sisteminə heç bir təsiri müşahidə olunmayıb. Ürək-damar sisteminə isə təsir edir, özü də çox. Odur ki, hamama getməyə hazırlaşarkən damarların və ürəyin sağlamlıq durumu nəzərə alınmalıdır, soyuqlama ya qripin olması yox.
• Türkəçarə
“İmmuniteti artıran” ən məşhur məhsullar arasında sarımsaq birincidir. Tərkibindəki fitonsidlər yüngül bakterisid təsirə malikdir, amma bu da qısamüddətli təsirdir. Xalq arasında geniş yayılmış daha bir məhsul baldır ki, onun da faydası, əsasən, zəif bakterisid təsiri ilə bağlıdır, immun sisteminə heç bir təsiri yoxdur.

İmmun sistemini qoruyan üsullar hansıdır?
Beləliklə, immunitetdən danışarkən, ilk növbədə, orqanizmin xarici zədələyici təsirin öhdəsindən effektiv dərəcədə gəlmək qabiliyyəti nəzərdə tutulur. Orqanizm nə qədər sağlamdırsa, immun sistemi də o qədər işləkdir. Sağlamlıq amilləri isə çox sadədir.

 

Qrip və başqa xəstəliklərə qarşı mütəmadi vaksinasiya
Nəyə görə vaksinasiya birincidir? Çünki məhz bu üsul immun sisteminin gücləndirilməsinə aparan birbaşa yoldur. Müxtəlif infeksiyaların qismində mümkün təhlükəni ona göstərməklə orqanizmi düzgün və tez reaksiya verməyə öyrəşdiririk. Hər peyvənd müvafiq infeksiyaya qarşı yaranan cavabın sürətini və keyfiyyətini artırır. Vaksinlərin təbii immunitetin formalaşması prosesindən üstünlüyü gerçək xəstəliklə müqayisədə daha təhlükəsiz olmasıdır. Sübut olunub ki, yaşla bağlı immun sisteminin zəifləməsinə baxmayaraq, hətta 65-dən yuxarı yaşlı adamların peyvənd olunması onların xəstəliyi itkisiz keçirmək şansını artırır.

Rasional qidalanma və çəkiyə nəzarət

Çəkinin kəskin azalması da, artması da orqanizmi eyni dərəcədə zəiflədir. Xatırladaq ki, immun sistemi normada intizamla işləyən mexanizmdir. Normadan əhəmiyyətli dərəcədə yayınmaq orqanizmin bütün sistemlərinin, o cümlədən immun sisteminin fəaliyyətini pozur. Problemin əsas səbəbini aradan qaldırmadan onu “yaxşılaşdırmaq” mümkün deyil.

Müntəzəm fiziki yük
Fiziki aktivlik ürək və damarların aktivliyi­ni qoruyur, bədən çəkisinə və arterial təzyiqə nəza­rəti saxlayır. Təəccüblü deyil ki, sağlam, fiziki inkişaf etmiş adamın immun sistemi təhlükəyə tez və effektiv cavab verir. Fiziki hərəkətlər immun sistemi ilə bağlı bir çox xroniki xəstəliklərin törətdiyi zərəri azaltmağa imkan verir. Tədqiqatlar göstərir ki, gündəlik həyatda yüngül fiziki hərəkətlərə üstünlük vermək, orqanizmi imkanlarından artıq yükləməmək lazımdır.

Zərərli vərdişləri tərgitmək
Deyildiyi kimi, immun sistemini bir neçə müda­fiə səviyyəsi var. Onlardan biri selikli qişa­lardır. Tütün tənəffüs yollarının selikli qişalarına zərərli təsir göstərməklə müdafiə mexanizmlərini təcrid edir, müxtəlif infeksiyalara yol açır. Spirtli içkilər də immunitetə ciddi zərər yetirir, belə ki, T-limfositlərin əmələ gəlməsinə mane olur, leykositlərə mənfi təsir göstərməklə onların patogen bakteriyalarla mübarizə aparmaq qabiliyyətini azaldır, iltihab proseslərinə cavabdeh olan maddələrin, yəni sitokinlərin hasilatını pozur.

Sağlamlığın monitorinqi və müntəzəm həkim nəzarəti
Zəif orqanizmin, xəstələrin xarici təhlükə ilə üzləşmək qabiliyyəti yoxdur. Məsələ immun sistemində deyil, müdafiə ehtiyatlarının tükən­mə­sindədir. Odur ki, xüsusən, 60 yaşdan sonra həkim nəzarətində qalmaq və vaxtında tədbir görmək insanı bütün həblərdən yaxşı qoruyur.

Tacxeber.az

Oxşar xəbərlər