• 22 Noyabr 2024 07:53

“Konstantinopol bizim olmalıdır, fəth edilməlidir ruslar tərəfindən, türklərdən alınıb əbədi bizim olmalıdır” –Dostoyevski

Dostoyevski və Konstantinopol .

 

Bakıda yaşayan bir dostumla yazışırıq.

Ukrayna savaşına çatanda söz gəlib Dostoyevskiyə çıxır. Yuxarıdakı sözlərini xatırlayırıq.

 

Məşhur rus televizyoçusu Nevzorov bir Youtube paylaşımında Dostoyevskini “Rus pravoslav faşizminin baş ideoloqu” adlandırır…

Gecə Lvovdakı bir arkadaşımla danışıram telefonda.

Narahatdır.

Ailəsini Polşaya göndərib, özü isə savaşa hazırlaşır getməyə…

 

Dostoyevski “Yazıçının Gündəliyi“ (Дневник Писателя) əsərini 1877-də qələmə alıb.  Əsəri ilk dəfə aspirant vaxtı oxumuşdum. Dünən axşam yenə yadıma düşdü.

 

İnsan nə qədər psixi sarsıntı keçirməlidir ki, belə səsrsəm xəyallara dalsın deyə düşündüm.

Ruslar İstanbula “Çarqrad” (Царьград) deyirlər, yəni “Şəhərlər Çarı” – Sən bir sevginin, arzunun gücünə bax.

Nə qədər çox istəməlisən ki, şəhərə “Şəhərlər Çarı” deyəsən.

 

Rus radikal dinçi-faşist ideologiyasına görə rus xalqı Pravoslav aləminin qılıncıdır.

Və yenə də o ideologiya görə Xristianlığın Dünyaya hökmranlığı rusların İstanbulu ələ keçirməsi ilə mümkün olacaq.

 Bu ideologiyanın ən qatı tərəfdarı putinçi Çarqrad qrupudur.

 

Qrupa aid “Tsargrad TV” (Царьград ТВ) kanalı bu radikal cərəyanın əsas təbliğatçısı və ruporudur.

2015-ci ildə rusiyalı iş adamı K. Malofeyev tərəfindən təsis edilmiş kanal ultrasağçı, millətçi, mühafizəkar və monarxist mövqelərdən çıxış edir. Kanal Rus Pravoslav Kilsəsi ilə sıx əməkdaşlıq edir.

 

Dostoyevskinin “Yazıçının Gündəliyi” qeydlərində Konstantinopol, yəni İstanbul gec-tez bizim olmalıdır utopiyası ikrah hissi doğurur.

Rusiyanın bütün slavyanları bu dövlət ətrafında toplayıb paytaxtı Çarqrad (İstanbul) olacaq bir Avrasiya dövləti qurma ehtirası rus ideoloqların qanına işləyib.

 

Bu xülya ilk dəfə rus tarixçisi Nikolay Danilevskinin 1867-ci ildə yazdığı “Rusiya və Avropa” əsərində dilə gətirilib.

Dostoyevskinin Danilevskinin təsiri altına düşdüyü aşkardır.

“Roma-German” adlandırdığı Qərbin fərdiyyətçi, aqressiv və kafir olduğunu deyən Danilevski pravoslav xristian slavyan ümmətinin Avrasiyanı qurmaqla dünyanı xilas edəcəyini bəyan edir. Bu fikirlərin oxşar və surətlərinə Avrasiyaçı Duqinin kitablarında və bir vaxtlar Putinin yaxın silahdaşı olan Vladislav Surkovun yazılarında da rast gəlinir.

 

Bütün bunları Türkiyə ictimaiyyətinə çatdırmaq lazımdır və çatdıracam.

Ancaq Türkiyədən də əvvəl bu həqiqətləri bizim özümüz bilməliyik.

Əks təqdirdə Tolstoyevskilərin şəksiz biat etmələrinin təhlükəli fəsadlarına məruz qalacağıq.

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər