Bakı İstintaq Təcridxanasında telefonla danışmaq istəyən qadın təzyiqə məruz qalıb
Bəkirova Məleykə Roman qızının rejim rəisi Ədalət Qurbanov tərəfindən döyülərək qanunsuz yaradılmış cəza kamerasına salındığı bildirilir.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Bəkirova Məleykə Roman qızının sentyabrın 23-də telefonla danışmaq istəyərkən təcridxananın rejim rəisi Ədalət Qurbanov tərəfindən döyüldüyü bildirilir. Tacxeber.com xəbər verir ki, bu məlumat “Abzas Media”ya təcridxanadakı mənbələrdən daxil olub.
“Ədalət Qurbanov 35-ci kamerada saxlanılan Məleykə Bəkirovanı oradan çıxararaq, qanunsuz yaradılmış cəza kamerasına aparıb və üzərinə hücum çəkərək döyüb. Boğazından tutaraq onu boğub və sonra hər iki yanağına şillə vurub. İtələyərək kameradakı çarpayının üzərinə yıxıb. Məleykə Bəkirovanın üzündə və sinəsində Ədalət Qurbanovun əl izləri var”, – deyə mənbə bildirilib.
Bildirilir ki, Ədalət Qurbanov Məlehkə Bəkirovanı döydükdən sonra cərimə kamerasından çıxıb və üzünü telefonla danışmaq üçün növbə gözləyənlərə tutaraq “bundan sonra telefonla danışmaq istəyənlərin cavabını belə verəcəm” deyib.
“Abzas Media” döyülmə halı ilə bağlı iddialara Penitensiar Xidməti və 1 saylı Bakı İstintaq Təcridxanasından rəy ala bilməyib.