Qurban Qurbanov Londonda oyunöncəsi tıxacda qalmaqlarından gileyləndi
“Qarabağ” Avropa Liqasının liqa mərhələsinin ilk turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub.
Tacxeber.com xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bəlkə də bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Çünki, xeyli sayda şanslarımız oldu. Bu gün həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradlarım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər.
– “Qarabağ” rəqibdən daha üstün oynasa da, hesab böyük oldu. Bunun səbəbi nədir?
– Futbolçularda bir az həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı İngiltərədə keçirilir. “Tottenhem” həmişə liderlər sırasında olub. Məncə, həyəcan mane oldu. Rəqibin ustalığı bizə qalib gəldi. “Tottenhem”in azlıqda oynaması haradasa bizə rahatlıq verdi. Bəzi futbolçular daha arxayın oldular. Bu arxayınlıq texniki səhvlərimizə gətirib çıxardı. Biz onlara qol vurmaq üçün şərait yaratdıq. Bəlkə də daha yaxşı nəticə ola bilərdi.