Famil Xəlilov ittiham versiyasını ifşa edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iflic fəal Famil Xəlilovun işi üzrə proses davam edib.
İclasda o, birinci qrup əlil olduğunu, lakin ona baxmaq üçün sosial işçinin hələ də təyin olunmadığını bildirib.
Hakim deyib ki, qanun məhkuma sosial işçinin təhkim edilməsini nəzərdə tutmasa da, o, “humanizm prinsipindən” çıxış edərək istintaq təcridxanasının rəhbərliyinə müraciət edəcək.
Sonra Xəlilov özünü günahkar saymadığını bildirib, ittihamın saxtalaşdırıldığını deyib.
İş materiallarında göstərilib ki, onu küçədə saxlayıblar, halbuki, polis evdən aparıb. Xəlilov qeyd edib ki, iş materiallarında göstərilən küçədə heç vaxt olmayıb. İsveçdən deportasiya edildikdən sonra Xəlilov, ümumiyyətlə, evdən çıxmayıb.
Məhkəmə qərarı təqdim edilmədən evində axtarış aparılıb. Xəlilovu evin ikinci mərtəbəsinə çıxarıblar ki, guya orada ağ bir şey tapıblar və onu narkotik maddə adlandırıblar. Lakin polisin protokolunda göstərilib ki, narkotik maddələr onun şortunun cibində tapılıb.
“2005-ci ildən mənim şort və şalvarlarımın cibləri tikilib”, -fəal deyib. Hakim bunun səbəbilə maraqlananda Xəlilov deyib ki, cibə ehtiyacı yoxdur, çünki əlləri iflicdir, bir yerə bir şey qoymağa fiziki imkanı yoxdur.
İş materiallarında göstərilir ki, Xəlilov polisdə sənədləri imzalamayıb. O bunu fiziki olaraq imzalaya bilməməsilə izah edib, imza hüququnu anasına və xanımına verdiyini deyib.
Vəkillərin suallarını cavablandırarkən açıqlama verib ki, sosial şəbəkələrdə ayaq barmaqları ilə yazıb və onun yazılarında hakimiyyət tənqid edilib.
Famil Xəlilov həbsinə etiraz olaraq aclıq aksiyasını davam etdirdiyini dəyib.
Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.