“Erməniləri Bakıda gözləyirəm, bu, bir fürsətdir…” – Tahir Kərimli
COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ermənilərin sözügedən tədbirdə iştirakı barədə danışıb.
O, “İnanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gəlib COP29-da iştirak edəcək”, – deyə qeyd edib.
M.Babayevin bu fikirləri isə cəmiyyətdə müəyyən müzakirələr yaradıb.
Bəs görəsən, Ermənistanın bu tədbirdə iştirakı vacibdirmi? Bu, Azərbaycana hansı siyasi divident qazandıra bilər?
Mövzu ilə bağlı Yenisabah.az-a Milli Məclisin sabiq deputatı Tahir Kərimli danışıb. Onun sözlərinə görə, Ermənistanın COP29-da iştirakı mühüm əhəmiyyət daşıyır:
“Cənab Muxtar Babayevin sözlərinə qüvvət vermək istərdim. Ermənistanın Baş Nazirinin tədbirdə iştirakı barədə hələ bir söz deyə bilmərəm, çünki hələ o özü də hələ gəlib-gəlməyəcəyini müəyyən etməyib. Lakin nümayəndə heyətinin iştirakını mən də gözləyirəm.
Bunun hansı siyasi dividentləri olacağı ilə maraqlananlar üçün demək istəyirəm ki, hər hansı dövlətə başqa bir dövlətin nümayəndə heyəti və yaxud başçısının gəlişi həmin dövlətə ehtiramın ifadəsidir. Bu, həmin dövləti saymağın əlamətidir. Uzun illər münaqişə və müharibə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında münasibətlərin yumşalmasına bu, böyük bir töhfə verə bilər.
Bu, Ermənistanın bir növ təcavüzkar siyasətdən imtinası, Azərbaycana qarşı etdikləri pisliklərin etirafı kimi də başa düşülə bilər”.
T.Kərimli bunu fürsət olaraq qiymətləndirib:
“Mən bilirəm ki, Ermənistan cəmiyyətinin böyük hissəsi bura gəlməyə razı olmaz. Həm də Ermənistan COP-29-a qədər sülh müqaviləsi bağlasa, onların baş nazirinin bura gəlməsi problem deyil. Bu, əksinə, bir fürsət olar ki, Cənubi Qafqaz dövlətləri bir yerə yığışsınlar və digər dövlət başçıları da bunu görsün.
Burada əlbəttə ki, müzakirələr aparmaq olar. Məsələn, BMT-də Paşinyanın son çıxışı Azərbaycan və qonşu dövlətlərə nəinki aqressiya sərgiləməməyi ilə yadda qaldı, eyni zamanda, bu, bir növ etiraf idi ki, keçmişdə doğru mövqeyimizin olmaması səbəbindən bu cür narahatlıqlar yaranıb.