• 23 Noyabr 2024 03:45

Qusar xəstəxanasının baş direktoru CƏRİMƏLƏNDİ – SƏBƏB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyevi 1800 manat məbləğində cərimə edib.

 

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna araşdırmaçı jurnalist Müqəddəs Mehdiyev verib.

 

Bildirilib ki, direktorun cərimələnməsinə səbəb baş direktorun xəstəxananın anbar bölməsinin müdiri Flora Mirzəağayevanı qanunsuz olaraq işdən çıxarması olub.

 

Belə ki, Qusar xəstəxanasının baş direktoru Kamil Hacıyev 2024-cü il iyul ayının 22-də anbar bölməsinin müdiri Flora Mirzəağayevanı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b bəndinə əsasən – əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edib.

 

Bundan narazı qalan Flora Mirzəağayeva Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz regional şöbəsinə müraciət edib. Regional şöbənin araşdırması zamanı məlum olub ki, zərərçəkən Mirzəağayeva həqiqətən qeyri-qanuni işdən çıxarılıb, belə ki, xanım işçi 2013-cü il sentyabr ayının 1-də xəstəxana ilə müddətsiz müqavilə bağlayıb.

 

Əmək müfəttişliyi Əmək Məcəlləsinin 192.6 maddəsinə (işçinin əmək müqaviləsinə əmək məcəlləsinin tələbləri pozularaq xitam verilməsi )əsasən baş direktorun əmrini qanunsuz sayaraq, onu 1800 manat məbləğində cərimələyib. Əmək Müfəttişliyinin inzibati tənbehindən narazı qalan baş direktor Kamil Hacıyev Qusar rayon məhkəməsinə müraciət edib.Qusar rayon məhkəməsinin hakimi Əli Cəlilovun sədrliyi ilə sentyabrın 17-də keçirilən məhkəmə iclasında baş direktorun iddiası təmin edilməyib və Əmək Müfəttişliyi Xidmətinin qərarı qüvvədə saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər