• 05 Noyabr 2024 23:01

Hakimiyyət namizədlərin seçki günü məntəqələrə getməsini qadağan etmək istəyir

Vəfa Nağı: “Namizədlərin seçki məntəqələrinə buraxılmaması ona hesablanır ki, orada baş verən saxtakarlığı, qanunsuzluğu yaxından izləmək imkanları olmasın”

 

Sentyabrın 30-da Azərbaycan parlamenti yeni tərkibdə payız sessiyası üzrə ilk plenar iclasını keçirib. İclas millət vəkillərinin bir sıra qanunvericilik bazalarına yeni məhdudiyyətlər gətirilməsi təklifləri ilə diqqət çəkib.

 

Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadətəklif edib ki, ölkədə keçirilən seçkilərdə namizədlərin seçki günü məntəqələrə daxil olması qadağan edilsin.

 

“Seçki günü müşahidə etdik ki, bəzi namizədlər seçki məntəqələrində əvvəlcədən oturacaqlarını belə qoyublar. Eyni zamanda, xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu kimi hallar qəti yolverilməzdir”, – o, təklifini belə əsaslandırıb.

 

Seçki Məcəlləsi 40.2-ci maddə:Namizədlər seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

 

VII çağırış parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş Vəfa Nağınınfikrincə, namizədlərin seçki məntəqələrinə buraxılmaması ona hesablanır ki, onların orada baş verən saxtakarlığı, qanunsuzuluğu yaxından müşahidə etmək imkanları olmasın.

 

“Parlamentdə oturan millət vəkillərinin heç biri xalqın səsilə orada oturmayıb, Aydın Mirzəzadə və digərləri bu sistemin alətləridir. Ona görə də hamılıqla çalışırlar ki, bu saxta seçkiləri xalqa demokratik seçki kimi təqdim etmək üçün hər şey etsinlər.

 

Məntəqədə olan müşahidəçilərin bir hissəsi daha inadkar olurlar, məntəqədən çıxarılmaları ilə bağlı protokol tərtib ediləndə buna etiraz edirlər və çıxmırlar. Bəziləri isə etiraz etmirlər və çıxırlar. Amma belə olanda həmin müşahidəçi namizədə xəbər edir və namizəd ora gedib müəyyən məsələlərin həllinə dəstək verir, bəzən müşahidəçisini yerinə qaytara bilir. Əgər namizəd məntəqəyə buraxılmasa, seçki günü baş verən bütün bu proseslərdən kənar qalacaq. Yəni saxtakarlıqları və seçki tamaşasını maneəsiz bitirmək istəyirlər”, – Vəfa Nağı bildirib.

 

“Belə bir təklif həm qanunvericiliyə, həm də demokratik prinsiplərə ziddir”, – deyən seçki mütəxəssisi Məmməd Məmmədzadəbildirir ki, seçki prosesinin özü tamamilə şəffaf olmalıdır.

 

Onun sözlərinə görə, namizədlərin seçki məntəqəsinə buraxılmaması seçkiyə ictimai etimadı daha da sarsıdacaq və prosesin legitimliyinə zərbə vuracaq.

 

“Azərbaycan ATƏT və Avropa Şurası kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir və seçki prosesi ilə bağlı götürdüyü öhdəliklər var. Bu təklif Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Seçki günündə namizədlərin və vəkillərinin məntəqələrdə olması nəzarət baxımından çox vacibdir. Əgər bu qadağan olunsa, seçki saxtakarlıqları və manipulyasiyalar daha da artacaq”, – Məmməd Məmmədzadə əlavə edib.

 

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Rəsmi nəticələrə görə, dairələr üzrə deputat seçilmiş şəxslərin adları müəyyənləşib. VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb. Parlament çoxluğunu yenə də hakim Yeni Azərbaycan Partiyası (YAP) təşkil edib.

 

ATƏT və bir sıra digər yerli və beynəlxalq təşkilatlar seçkilərin ədalətsiz mühitdə kütləvi saxtakarlıqlarla keçirildiyini açıqlayıblar. (AbzasMedia)

Tacxeber.com

Oxşar xəbərlər