Aşıq Ələsgərin heykəli tənqid olundu – Müəllifin cavabı…
Bildiyiniz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.
Tacxeber.com xəbər verir ki, tənqidlərlə əlaqədar Kult.az-a münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev bildirib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.
“Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub”, – xalq rəssamı bildirib.
O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:
“Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.
Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:
“Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib – bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.