• 23 Noyabr 2024 07:26

Sülh sazişindəki gizli maraqlar: Ankara-Bakı münasibətlərini kimlər pozmaq istəyir?

Sülh sazişindəki gizli maraqlar: Ankara-Bakı münasibətlərini kimlər pozmaq istəyir?

Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündən sonra iki ölkə arasında sülh sazişinin imzalanmasının konkret vaxtı barədə mesajlar verilməkdədir. Belə bəlli olur ki, Brüssel görüşündə tərəflər ilin sonunadək sülh sazişini imzalmağa hazırlaşır.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya mediasına müsahibəsində bəyan edib ki, Azərbaycan bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik: “Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.

Bakının sülh sazişi ilə bağlı şərtləri aşağıdakılardır:

– Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması; ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina; üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək; dördüncüsü, sərhədlərin delimitasiyası; beşincisi, kommunikasiyaların açılması.

Ermənistan baş naziri Nikol Paşinyan da ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcəyini bəyan edib. Proseslər normal gedərsə, o zaman biz ilin sonunadək sülh sazişinin imzalanmasının şahidi ola bilərik.

Amma və lakin…

İrəvan sülh sazişinin imzalanmasına hazır olduğunu sözdə bəyan etsə də, bu istiqamətdə real addımlar atmaqda elə də maraqlı görünmür. Digər bir məqam isə Cənubi Qafqazda ənənəvi marağı olan güclərin və ölkələrin sülh sazişinin öz maraqları çərçivəsində imzalanmasını istəyir. Ona görə də həmin güclərin bölgədə maraqları bəzi məsələlərdə toqquşur, bəzilərində isə üst-üstə düşür.

I) Qərb 

Qərb, xüsusən də Avropa üzləşdiyi enerji böhranı halında tez bir zamanda sülh sazişinin imzalanmasında maraqlıdır. Qərb sülh sazişinin Qarabağın Azərbaycanın tərkibində ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu isə o deməkdir ki, Brüssel Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını istəyir. Brüssel hesab edir ki, belə bir saziş imzalanarsa, o zaman rus sülhməramlılarının bölgədə qalmasına ehtiyac qalmayacaq. Digər tərəfdən isə növbəti mərhələdə tədricən Rusiyanın Ermənistandakı hərbi varlığına son qoyulacaq. Qərb sülh sazişinin imzalanması ilə bölgəyə olan təsirinin qarşısında sədd çəkməyi planlaşdırır. İranın bölgədə təsirinin zəifləməsi Cənubi Qafqazda ənənəvi oyunçulardan olan İsrailin və Türkiyənin də marağındadır.

Qərb bu yolla həm də Mərkəzi Asiyaya rahat və etibarlı formada çıxışını təmin etmək istəyir. Çünki Qərbin əsas hədəflərindən biri də Mərkəzi Asiya bölgəsindəki enerji resurslarını Orta Dəhlizlə Avropaya nəqlində maraqlıdır. Digər məqam isə Mərkəzi Asiyada mövqeyini möhkəmlətməklə həm Çinin, həm Rusiyanın, həm də İranın mövqeyini zəiflədib qarşısını almaq istəyir.

II) Rusiya

Rusiya isə sülh sazişinin bölgədə maraqlarının qorunub saxlanması şərti ilə imzalanmasının tərəfdadırır. Moskva hərbi varlığının Ermənistan və Azərbaycan ərazisində qalması, həmçinin açılacaq Zəngəzur dəhlizinin onun nəzarəti altında olması şərti ilə sülh sazişinə razıdır.

III) İran

Tehran istənilən sülh sazişinin imzalanmasının maraqlarına uyğun olmadığını düşündüyündən bölgədə sülhün əldə olunmasını istəmir. Buna baxmayaraq Tehran onu da anlayır ki, nə qədər müqavimət göstərsə də, sonunda sülh sazişi imzalanacaq. Ona görə də maksimum dərəcədə maraqlarını təmin etmək üçün bölgədə gərginlik yaratmaq yolu ilə İrəvan və Bakıya müxtəlif metodlarla təzyiq etməyə çalışır. Əslində, Tehranın Zəngəzur dəhlizi ilə bağlı sərgilədiyi mövqe də bununla bağlıdır.

IV) Çin

Çin Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır. Çin bu yolla daha rahat formada qısa yolla əlaqə qurmaq istəyir. Çinin əsas hədəfi logistik sənaye vasitəsi ilə Orta Dəhliz üzərində maraqlarını təmin etməkdir.

V) Türkiyə

Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini daha da möhkəmləndirmək üçün real sülh sazişinin imzalanmasında maraqlıdır. Ona görə də hər vasitə ilə İrəvanı sülhə təşviq edir. Ankara və Bakı bu məsələdə fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirir. Bakı və Ankaranın mövqeyi ondan ibarətdir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sıx münasibətləri İrəvanın tam maraqlarına uyğundur. Bakı və Ankara ilə normal münasibətlərin qurulması, İrəvanın sürətli inkişafına təkan verən amildir.

Bölgədə marağı olan güclərin və ölkələrin daha çox bir məsələdə mövqeləri üst-üstə düşür:

– Türkiyənin bölgədə mövqeyinin möhkəmlənməməsi;
– Ankara-Bakı arasında daha sıx münasibətlərin formalaşmaması;
– Türk dünyası ilə daha sıx əlaqələrin qurulmasına imkan verməmək.

Amma Ankara və Bakı bunu yaxşı anlayır və hər hansı qüvvənin münasibətlərinə xələl gətirməsinə imkan vermir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır” bəyanatını verməsi, bu münasibətlərə xələl gətirməyə cəhd edənlərə mesaj idi. Kimsə Ankara-Bakı münasibətlərini poza bilməz və bu cəhdlər uğursuzluğa düçar olacaq.

Tacxeber.az

Oxşar xəbərlər