• 23 Noyabr 2024 03:27

Kran suyu içməyin, Bakıda yeni infeksiya yayılıb – İDDİA

 

“Krandan çiy su içməyin, çünki infeksiyaya yoluxacaqsınız”.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakının bəzi ərazilərdə kran suyu içdiyi üçün uşaq və böyüklərin infeksiyaya yoluxması ilə bağlı iddialar yayılıb.

 

Qeyd olunub ki, Bakıxanov, Sulutəpə və Ramana qəsəbələri ərazisində krandan gələn suyu çiy halda içdiklərinə görə infeksiyaya yoluxanlar olub.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

 

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, münasibəti yalnız həkim rəyi göndərildikdən sonra bildirə bilərlər.

 

Son vaxtlar mədə-bağırsaq infeksiyasına yoluxma səbəbindən gələn xəstələrin sayında hər hansı artım olub-olmaması ilə bağlı sualı isə Kliniki Tibbi Mərkəzə yönəltdik.

 

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hər il yay aylarında qastrointestinal infeksiyalarla müraciət sayında artımlar müşahidə olunur.

 

“Bu da mövsümlə əlaqədardır. Həmin dövrdə şöbəyə ay ərzində təxminən 400-500 müraciət daxil olur. Payız-qış aylarında isə bu sayda azalma müşahidə olunur”, – deyə məlumatda bildirilir.

 

Lakin məhz kran suyundan içməklə infeksiyaya yoluxma halları ilə bağlı KTM-dən bildirdilər ki, təcili yardıma müraciət edən xəstələrin suyu haradan içməsi məsələsi araşdırılmır.

 

“Əgər zəhərlənmə baş veribsə, adekvat müalicə aparılır, mədə yuyulur və problem aradan qaldırılır”, – deyə açıqlamada vurğulanıb.

 

Beləliklə, kran suyu içməklə infeksiyaya yoluxma halları hələlik təsdiqini tapmayıb. Lakin mövsüm dəyişikliyi ilə əlaqədar qastrointestinal xəstəliklərə diqqətli yanaşmaq və gigiyena qaydalarına ciddi əməl etmək vətəndaşlara edilən tövsiyələr arasındadır.

Tacxeber.com

Oxşar xəbərlər