Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var 36
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.
Tacxeber.com sportal.az saytına istinadən xəbər verir ki, tədbir sabah Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda Bakıda İsveçin “Malmö” klubuna qarşı keçiriləcək oyununa həsr olunub.
Q.Qurbanov deyib:
– Həqiqətən vacib oyuna çıxırıq. Öz doğma meydanımızda ilk matçımızdır. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər bir halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun göstərməyə və yaxşı nəticə qazanamağa çalışacağıq.
– Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?
– Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. “Sabah”la matçda bəlkə də oyun zamanı çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün.
– “Qarabağ”ın İsveç klublarına qarşı üstünlüyü var. Bu üstünlüyü nəzərə alıb, sabahkı matçda nəyə ümid edə bilərik?
– Statistika baxsaq, bəli, belə nəticələrimiz var. Bizim üçün onlara qarşı olan matçlar ən gərgin oyunlardan olub. Çünki onların ümumi fiziki hazırlığı və oyun tərzi başqa formadadır. “Malmö”nün oyun tərzi fərqlidir, böyük təcrübəyə malikdirlər. Həmişə çalışmışıq və istəmişik ki, ən azından Bakıda yaxşı nəticə əldə edək. Amma futbol get-gedə elə səviyyəyə gəlib çıxıb ki, istənilən ölkənin komandasında böyük irəliləyiş var. Çalışmışıq ki, azarkeşlərə ümid verək. Onlar da bizə inanıb, güvəniblər. Çalışacağıq ki, maksimum yaxşı nəticə qazanaq.
– “Qarabağ” sabahkı rəqibə hansı sürpriz hazırlayıb?
– Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Amma məşq sayı çox olsaydı, yaxşı idi. Yalnız bu gün bütün komanda ilə oyuna hazırlaşa biləcəyik. Bir də, sabah bəlkə məşq üçün qısa vaxtımız olacaq. Ola bilər ki, oyunumuzun qurulmasında bir neçə dəyişiklik edək. Çünki “Malmö” fərqli rəqibdir. Alınacaq, ya yox, bilmirəm. Rəqib bizə nə qədər şərait yaradacaq, ona baxacağıq. “Malmö” heç bir rəqibdən çəkinmir. Maraqlı oyun olacaq. Futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək, böyük güc sərf etməli olacaqlar. Onlar buna dözməlidir. Öz oyun tərzimizdən bəzi epizodlarda kənara çıxa bilərik.
– Bir çox mütəxəssis “Malmö”nü 3 xal gözü ilə görür. Bu istək, bu tələb komandanın nə qədər əleyhinə ola bilər?
– Əleyhinə olan deyil. Bu, bizə olan güvəndir, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bu fikirlərin xeyri var, ziyanı yoxdur.
– Avropa Liqasının yeni formatda keçirilməsi “Qarabağ”a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?
– Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdıq, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.
– Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görmək ehtimalı nə qədərdir?
– Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyət buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan “Malmö” haqda bəzi şeylər soruşmuşam. Oynayacaq, ya yox, deyə bilmərəm.