Nəşriyyatlar kitab sərgisini boykot edir – Bəyanat qəbul edildi
Azərbaycan Nəşriyyatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Kitab Alışının Dayandırılması qərarına etiraz bəyanatı yayıb.
Tacxeber.com xəbər verir ki, bəyanatda deyilir:
Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.
Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.
Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.
Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik.
Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.
Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.