• 30 Oktyabr 2024 18:16

Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var – Təfərrüat


Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan “Kaspian Telekom” MMC-nin (VÖEN – 1500545191) dövlət büdcəsinə vaxtında ödənilməyən böyük miqdarda vergi borcu var.


Tacxeber.com xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixinə olan məlumata görə “Kaspian TElekom” MMC-nin vergi borcu 74 min 69 manat 42 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, “Kaspian Telekom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. “Kaspian Telekom” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “Kaspian Telekom” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.

Qeyd edək ki, 28 iyul 2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.
“İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

“Kaspian Telekom” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər