“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır”
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır“.
Tacxeber.com bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Bəs ölkədə kərə yağı niyə baha qiymətə satılır?” sualına ekspert bu cür cavab verib:
“Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.
Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı.
Niyə bahadır? Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır.
Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır.