• 25 Noyabr 2024 04:36

“Estoniyaya qalib gəlməliyik, bəhanə lazım deyil”

“Estoniya güc futboluna üstünlük verir. Bizə uyğun rəqibdir. Düşünürəm ki, biz onlara qalib gəlməliyik. Buna bir bəhanə də axtarmaq lazım deyil”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib.

 

Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turunda Estoniya ilə keçiriləcək səfər matçı ilə bağlı danışan mütəxəssis bildirib ki, komandamız bu oyunda 3 xal qazanmalıdır: “Mütləq qələbə lazımdır ki, növbəti oyunlara da komanda yaxşı əhvalda çıxsın. Mən Estoniya ilə oyunda millimizdə 3 xal gözləyirəm. Bizim heyətimiz onlardan güclüdür deyə bir anlayış yoxdur. Oyun baxımından, imkanlar baxımından deyirəm ki, qalib gəlməliyik. Məsələn, İsveçlə görüşün 4-cü dəqiqəsində millimizin vurduğu top qapıdan keçsəydi, nəticə tam fərqli olacaqdı. Hesabı açan komandada istək tam başqa olur, oyuna canlarını qoyurlar. Necə ki, İsveçlə əvvəlki oyunda 3 qol vurmuşduq, yenə bacarardıq. Bu, o demək  deyil ki, bizim milli onlardan güclüdür. Əksinə, onlar bizdən hətrərəfli güclü idi.

Yunis Hüseynov

 

Estoniya millisinin ilk oyununa baxmışam. Düzdür, Slovakiya 1 qolla onlara qalib gəldi. Amma slovakların həddən artıq qol imkanları oldu. Bunnla belə, Estoniya da pis komanda deyil.  Öz evlərində oynayacaqlar, çoxlu legionerləri var ki, yaxşı klublarda çıxış edirlər. Biz isə şərait baxımından onlardan üstünük. Şərait deyəndə maliyyə cəhətini deyirəm. Buna görə də onları meydanda da üstələməliyik”.

 

Milli komandamızın sabiq kapitanı Azərbaycan yığmasının Bakıda Slovakiya ilə keçiriləcək görüşü barədə də danışıb:  “Slovakiya ilə Bakıdakı oyun çox çətin olacaq. Amma məğlubedilməz komanda da deyillər. Millimizin xal qazanmaq şansı var”.

 

Y.Hüseynov Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun yığmanın futblçuları ilə bağlı “Mentalitet dəyişməlidir” ifadəsinə də münasibət bildirib. Santuşla razılaşan mütəxəssis millinin bir çox oyunçusunun işinə peşəkar yanaşmadığını deyib: “Bəli, psixologiya dəyişməlidir. Necə başa salım, bizim futbolçularda peşəkarlıq o qədər də yüksək deyil. Bəzi futbolçularımız var ki, onlar işinə peşəkar yanaşır. Amma bir çoxunda heç də belə deyil. İşə yanaşma tamam başqa cür olmalıdır. Klubla millini bir tutmaq olmaz. Milliyə gəldinsə, fikir tam dəyişməlidir. Ancaq özünü milli komandaya həsr etməlisən. Başqa heç nə düşünməməlisən. Həmişə belə olub.

 

Bizim dövrümüzdə də belə idi. Yəni tam peşəkarlıq olmayıb. Məsələn, bir oyunda yaxşı çıxış etdinsə, eyforiya başlayır. Düşünürsən ki, məndən başqa futbolçu yoxdur. Bizdə bu hallar çoxdur. Çempionat oyunlarında da bunu görürəm. Həmişə milliyə düşən və düşə biləcək futbolçuların oyunlarını izləyirəm. Bir oyun yaxşı oynayanda növbəti görüşdə zəif təsir bağışlayır. Yəni mütləq eyforiyaya düşür. Futbolçular başa düşməlidir ki, qol vurmaq, seyv etmək onların işidir. Burada qeyri-adi bir şey yoxdur. Bunu bir dəfə etmisənsə, yenə təkrarlamalısan. Təəssüf ki, belə etmirlər. Bir oyun yaxşı çıxış edən kimi düşünürlər ki, bunlardan yoxdur. Ona görə də psioxlogiyanı dəyişmək lazımdır, peşəkar olmaq lazımdır. Bunu nəinki Santuş, hamı görür. Biz də görürük ki, peşəkarlıq baxımından bizdə axsamalar var”.

Ramiq Ağaməmmədov

Tacxeber.com

Oxşar xəbərlər