“Xoşqədəm, Elgiz, Zaur bu xalqa nə edirsə, əcəb edir!” – Xalq artisti
Reklamların günümüz reallığının ayrılmaz hissəsinə çevrildiyi hər kəsə məlumdur. Əgər bir məhsulun satışını həyata keçirmək istəyiriksə, ən birinci ağıla reklam gəlir. Bu gün istər sosial şəbəkələrdə, istərsə də televiziyada saysız-hesabsız reklam var.
Bəs bu reklamlar nə dərəcədə uğurludur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əbdül Mahmudbəyov bildirib ki, əsas məsələ reklamın süjetidir.
Onun sözlərinə görə, bəzi firmalar “əsas reklam olsun” deyib, kim gəldi, necə gəldi reklamlarını həvalə edirlər. Bu isə gülünc vəziyyətin ortaya çıxmasına səbəb olur:
“Bu gün bizim reklamlarımız biabırçı durumdadır. Hamınızın yerli telekanallarda gündə 10 dəfə gördüyü “Metak” borularının reklamına diqqət çəkmək istəyirəm. O reklamı çəkənlər də, telekanalında yayımlayanlar da Azərbaycan xalqını təhqir edirlər. Azərbaycan xalqının milli qəhrəmanı, Şirin üçün dağları dələn Fərhadı tumanını darta-darta, corabını cıraraq reklam obrazı ediblər. Bu reklamı çəkənlər bizim dəyərlərimizi təhqir edirlər.
Sən demə, o boyda əsər, tariximiz, Nizaminin, Fizulinin qəhrəmanı şlanq reklamı üçünmüş… Biabırçılıqdır…
Millət öz dəyərini, tarixini şlanq reklamlarına, lazımsız sosial verilişlərə qurban verir”.
Sənətçi Audiovizual Şuranın fəaliyyətini sərt şəkildə tənqid edib:
“Yerli telekanallara nəzarət edən qurum – Audiovizual Şura fəaliyyət göstərir, amma bu, sözdədir. Orada çalışanlar xeyli maaş alır, xidməti maşınla təmin olunurlar. Nə üçün? Nə işlə məşğuldurlar? Əgər ən rüsvayçı yayıma münasibət bildirib dur deyə bilmirlərsə, buna cəsarətləri çatmırsa, niyə orada oturublar?! O maaşı almağa utanmırlarmı?
Xalqın mənəviyyatını, əxlaqını korlayanlar da fikrimcə, cəza almalıdır. Millətin şuüru korlanır, gənc nəslin mənəviyyatı məhv olur, heç kəs səsini çıxarmır.