Oğlu şəhid olan AKTYORLAR
30 illik işğala son qoyan Vətən müharibəsi və ondan öncə baş verən Birinci Qarabağ savaşında minlərlə şəhid verdik. Vətənin müstəqilliyi, torpaqlarımızın azadlığı naminə ölümü gözə alan həmin oğlanlar geridə qalanlara yüksək nümunə oldular. Sübut etdilər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Gənc övladını torpağa tapşıran, yalnız “Vətən sağ olsun” təsəllisi ilə ovunan minlərlə şəhid atasının isə sinəsinə dağ çəkildi. Onların sırasında aktyorlar da var – Əməkdar artist Firuz Xudaverdiyev və Xalq artisti Əli Nur.
Firuz Xudaverdiyevin oğlu Birinci Qarabağ müharibəsində, Əli Nurun oğlu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Tanınmış teatr, kino və televiziya aktyoru Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.
1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb. 2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Firuz Xudaverdiyev 28 mart 2017-ci ildə uzun müddət əziyyət çəkdiyi mədə xərçəngindən dünyasını dəyişib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.
Firuz Xudaverdiyevin oğlu Tahir Xudaverdiyev atası Mingəçevir Dövlət Dram Teatrında çalışarkən – 1972-ci il may ayının 26-da dünyaya gəlib. O, əvvəlcə Xırdalan şəhərindəki 3 nömrəli orta məktəbi bitirib, sonra isə təhsilini Bakıdakı 10 saylı Texniki peşə məktəbində davam etdirib.
Uşaqlıqdan teatra, incəsənətə böyük maraq göstərən Tahir Xırdalan orta musiqi məktəbinin qarmon sinfini də bitirmişdi.
Tahir Xudaverdiyev uşaqlıqdan atası ilə bir yerdə müxtəlif teatr tamaşalarında çıxış edir, hətta qastrol səfərlərinə çıxırdı.
O, professional teatr səhnəsinə ilk dəfə 5 yaşında professor Mehdi Məmmədovun təkidi ilə çıxmışdı. Səhnədə ilk rolu Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərində xəstə uşaq obrazı olmuşdu.
Tahir Xudaverdiyev 1992-ci il sentyabr ayının 20-də hərbi xidmətə çağırılmışdı. Həmin vaxt Birinci Qarabağ müharibəsi gedirdi. Əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edən Tahir dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Döyüş yolu Sırxavənd, Çıldıran kimi yaşayış məntəqələrindən keçən Tahir Xudaverdiyev dəfələrlə mühasirədən sağ çıxmışdı.
Ağdərədən sonra onu Füzuli cəbhəsinə göndərmişdilər. Döyüşlərin birində – 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış hərbçi yoldaşını xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ölümə yaxalanmışdı. Düşmən mərmisinin ayağı altında partlaması Tahirin ağır yaralanmasına səbəb olmuş, dikəlmək istəyərkən isə köksündən aldığı güllə yarası onun həyatına həmişəlik son qoymuş və şəhidliyə ucalmışdı.
Şəhid Tahir Xudaverdiyevin məzarı Xırdalan qəbiristanlığındadır, o, subay idi.
Bu itki atası Firuz Xudaverdiyev üçün ikiqat zərbə olmuşdu, çünki o, təkcə oğlunu yox, həm də öz sənət davamçısını toirpağa tapşırmalı olmuşdu.
Əməkdar artist Firuz Xudaverdiyev dünyadan köçməzdən əvvəl oğlu barədə xatirələrində demişdi:
“Bu hadisə aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Gecə saat 1-dən sonra Tahiri maşın işığında Xırdalan Şəhidlər xiyabanında dəfn elədik… Tahiri həmişə yanımda hiss edirəm. Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından 18 yaşınadək dostum olub, bir səhnədə çıxış eləmişik, aylarla qastrollara getmişik”.
***
Xalq artisti Əli Nur 1948-ci il yanvarın 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Daha sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Üçüncü kursa keçəndə – 1968-ci ildə köçürmə ilə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. 1972-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabrın 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub.
1986-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.
Əli Nur 2002-ci ildə “Əməkdar artist”, 2019-cu ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2021-ci ildə Prezident təqaüdçüsüdür.
Aktyorun oğlu Rövşən Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə Sumqayıtda 31 nömrəli tam orta məktəbi bitirib.
Orta məktəbi bitirəndən sonra Hərbi Akademiyada təhsil alıb. Ardınca təmas xəttində yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 10 il xidmət etdikdən sonra baş leytenant rütbəsi ilə ordudan tərxis olunub.
Hərbi xidmətdən ayrılandan sonra iqtisadiyyat üzrə ikinci ali təhsil alıb, bank sektorunda çalışıb, sahibkarlıq fəaliyyətilə məşğul olub.
Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedib. O, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rövşən Nurzadə 2020-ci il noyabrın 6-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki oğlu yadigar qalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Rövşən Nurzadə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əli Nurun oğlu ilə bağlı xatirələri:
“1991-ci ildə Qarabağ savaşı başlayanda Rövşən 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, “Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur”. Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, “mən Ağdama xalamgilə gedirəm”. Şagird olmadığını, kollecdə oxuduğunu bildirib. Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib direktora təhvil vermişdi.
Hərbi məktəbi oxuduqdan sonra Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Təmas xəttinə yaxın olanda mənə deyirdi ki, əyil, ermənilər səni snayperlə vurarlar. Ondan soruşurdum ki, sən niyə əyilmirsən? Cavab verirdi ki, mən komandirəm, əyilməyim şərəfsizlik olar.
Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və dedi ki, mən cəbhəyə gedirəm. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq.