• 23 Noyabr 2024 22:51

2025-ci ildə dünya neft bazarında təlatüm baş verə bilər.

Bu gün Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft tələbatı ilə bağlı proqnozunu ardıcıl 3-cü dəfə aşağı salıb. Təşkilat gündəlik tələbatla bağlı proqnozunu 903 min bareldən 862 min barelə dəyişib. 

 

IEA xəbərdarlıq edir ki, 2025-ci ildə neft bazarı təklif çoxluğu riski ilə qarşı-qarşıyadır. Bazara gündəlik tələbatdan 1 milyon barel daha artıq neft çıxarılacağı gözlənilir.

 

Bu cür vəziyyətin yaranmasını hansı amillər şərtləndirir?

 

Şübhəsiz ki, ən əvvəl nəhəng Çin iqtisadiyyatındakı mənfi tendensiyalar. Nədənsə, Çindən danışarkən bir çoxları hələ də 10-15 il əvvəlki əzbərləri təkrarlamağa davam edir, halbuki bu ölkənin coşğun inkişaf dövrü arxada qalıb və bu il böyümənin 5%-in altında gerçəkləşəcəyi gözlənilir. (Həvəs olsa, Çin barədə bəlkə ayrıca yazaram.) Təbii ki, Çin iqtisadiyyatı yavaşlayırsa, xammala tələbat da azalır, bu isə qiymətləri aşağı çəkir.

 

İkinci faktor OPEC+ formatının özünü tükətməyə başlamasıdır. OPEC ölkələri oktyabrda hasilatı artırmağa başlayacaqdı, amma neftin o ərəfədə sürətlə ucuzlaşması səbəbi ilə bunu 2 ay təxirə saldılar. Sonrakı günlərdə Orta Şərqdə gərginlik və İsrailin İranın neft infrastrukturuna zərbə endirəcəyi barədə xəbərlərin yayılması nefti bahalaşdırdı. Bu gün bunun əksi yönündə, yəni İsrailin İranın enerji və nüvə obyektlərini hələlik vurmayacağı barədə informasiya yayıldı.

 

Dekabrdan OPEC ölkələri hasilatı artırmağa başlamalıdır. Səudiyyə Ərəbistanı bildirib ki, artıq hasilatın ixtisarını davam etdirmək istəmir, çünki bazar payını itirir.

 

Üçüncü amil ABŞ-da hasilatın artmağa davam etməsi və 13,4 milyon barelə çatmasıdır. (Bayden dövründə ABŞ enerji sektorunun məhv olduğu barədə Trampın iddiaları təbii ki, doğru deyil).

 

Neftin ucuzlaşması bir tərəfdən yaxşıdır – ona görə ki, Rusiyadakı faşist-militarist rejimin resurslarını ciddi şəkildə azaldaraq onun işğalçı müharibəni davam etdirməsinə problemlər yaradacaq. İndinin özündə də Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənir, bunu mən yox, Rusiya Mərkəzi Bankı deyir. (Yeri gəlmişkən, Putin ölkədə diktatura bərqərar etsə də, Mərkəzi Bankın nisbi müstəqilliyinə toxunmur və oradakı mütəxəssislər obyektiv hesabatlar hazırlayıb yaya və mediaya bu haqda açıqlamalar verə bilirlər. Məsələn, Azərbaycanda bu, mümkün deyil). Rusiya MB növbəti yığıncağında uçot dərəcəsini yenidən artıracaq. Hazırda 19% olan faizin 22%-ə qədər yüksəldiləcəyi gözləntisi var, amma bəzi iqtisadi subyektlər, xüsusən biznes buna etiraz edir.

 

Təbii ki, Putin rejimi vəziyyəti çox yaxşı bildiyi üçün Ukrayna cəbhəsində bütün gücü ilə “ət hücumları”nı davam etdirir və saysız-hesabsız itkilərə məhəl qoymadan Donbasda sürünən işğalı davam etdirə bilir. Bir illik intensiv hücumlardan sonra rezervləri azaldığı üçün (700 minlik ordu ilə hücuma başlamışdı) Rusiya Şimali Koreyadan kömək istəyib. Şm. Koreyanın bir neçə min əsgər göndərəcəyi, yaxud artıq göndərdiyi barədə hələ ki təsdiqlənməmiş məlumatlar var.

 

Neftin ucuzlaşmasının neqativ tərəfi isə əlbəttə ki, bizə gözlənilən mənfi təsirləri ilə bağlıdır. İqtisadiyyatımız tamamilə neftdən asılı olaraq qalır və hökumət təbiətin verdiyi sərvətləri satıb gəlir əldə etmək üzərində qurulmuş bu arxaik modeli dəyişməyi heç düşünmür də. (Hər cür sistem dəyişikliyi siyasi baxımdan məqsədəuyğun sayılmır). Azərbaycan neft sektorunda hasilatın azalması problemi də var və əgər bu 2 proses – ucuzlaşma və hasilat azalması eyni dövrə təsadüf edib davamlı xarakter alarsa, onda “ideal fırtına” baş verə bilər…

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər