• 24 Noyabr 2024 10:57

Sahibkarlarımızın 77 faizi KİŞİLƏRDİR – Qadınlar biznes qurmaqda maraqlı deyillər?

Azərbaycanda fərdi sahibkarların 77 faizi kişilərdir. Son illərdə qadın sahibkarların sayı çoxalsa da, bu sadəcə ümumi sayın 23 faizini təşkil edir. Cəmiyyətdə qadınları biznes rəhbəri kimi görməyə vərdiş etməmişik.

 

Maraqlıdır, qadınlarımız sahibkar olmağa meyilli deyillər?  

 

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiyasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova Bizim.Media-ya açıqlamasında  qadın sahibkarların az olmasına səbəb olaraq mentaliteti qeyd edib:

 

Ənənəvi peşələri seçməyə məcbur olan qadınlar

 

“Lap əvvəldən ona öyrənmişik ki, evin pul qazananı, çörək gətirəni kişidir. Bu baxımdan qadınların belə sahələrdə irəli çəkilməsi çox az olurdu. Bundan başqa, cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, qadın sadəcə bəlli bir fəaliyyət istiqamətlərində, müəllimə, tibb bacısı kimi çalışa bilər, ya da evdar qadın olub, uşaqlarının tərbiyəsi ilə məşğul ola bilər.

 

Demək olmaz ki, Azərbaycanda qadınlar təhsildən uzaq saxlanılır. Amma təhsildə, peşə seçimində, qadınlar ənənəvi sahələrə yönləndirilir. Sahibkarlıq bacarıqları, pulun idarə olunması, menecment kimi sahələri heç seçmirlər. Ailələrdən gələn ənənələr, yanaşmalar, ətraf mühitdəki müzakirələr imkan vermir ki, qadınlar bir az da rəhbər, sahibkar olaraq idarəetməyə daha yaxından yönəlmiş olsunlar”.

 

Maliyyə resurslarına çıxış imkanları

 

Nigar Ələsgərova bildirib ki, qadınların sahibkarlığa yönələ bilməməsində əsas səbəblərdən biri də maliyyə imkanlarının məhdud olmasıdır.

 

“Qadınların maliyyə resurslarına çıxış imkanı genişləndirilməlidir. Azərbaycanda təəssüf ki, sırf qadın sahibkarlığının inkişafı ilə bağlı maliyyə resursları yoxdur. Ola bilər ki, hansısa bank və fondlarda qadınlar üçün cüzi faiz fərqi ilə güzəştlər və ya daha çox dəstək nümayiş olunsun. Amma deyərdim ki, bu çox azdır. Yenə də ənənəyə görə, mülk sahibi adətən kişilər olur. Belə olduqda da qadınların banklara girov qoymaq üçün mülkləri olmur və yaxud hansısa mülkünü öz qərarı ilə satıb maliyyəsini biznesə yatırmaq üçün imkanları olmur. Bu sahədə qadınlara şərait yaradılmalıdır”.

 

“Qadın sahibkarlığı təbliğ olunmur”

 

Nigar Ələsgərovanın sözlərinə görə, qadınları sahibkarlığa cəlb etmək üçün təşviqat işləri aparılmalıdır:

 

“Qadın sahibkarlığına yönəlmiş xüsusi proqramlar və təşviqlər demək olar ki, yoxdur. Biz Azərbaycanda qadın sahibkarlığını artırmaq istəyiriksə, təşviqi üçün müxtəlif və güzəştli proqramlar tətbiq olunmalıdır ki, qadınlar bu sahəyə yönəlsinlər. Həmçinin qadınlarımız da bu sahəyə yönəlməyə, öyrənməyə  maraq göstərməlidirlər”.

 

Qadın sahibkarlar daha çox hansı sahələrdə fəaliyyət göstərirlər?

 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Azərbaycanda sahibkar qadınların 25,4 %-i kənd təsərrüfatı, 21,5 %-i ticarət, 35,3 %-i isə xidmət sektorunda fəaliyyət göstərir.

Tacxeber.com

Oxşar xəbərlər