• 27 Noyabr 2024 06:40

Kirayə evlərin “əl yandıran” qiymətləri: Artımın səbəbi nədir?

Kirayə evlərin “əl yandıran” qiymətləri: Artımın səbəbi nədir?

“Paytaxtın kirayə mənzil bazarında son illər qiymət artımı mütəmadi olaraq davam edir. Bu, daha çox paytaxt ərazisində yerləşən köhnə çoxmənzilli yaşayış binalarının sökülməsi, həmçinin mərkəzi və mərkəzə yaxın ərazilərdəki fərdi həyət evlərindən ibarət yaşayış massivlərinin sökülməsi ilə əlaqədardır ki, həmin yaşayış massivləri və çoxmənzilli binalar sökülərkən o binalardakı kirayəlik mənzillər kirayə bazarından çıxmış olur”.

 

Bu sözləri Moderator.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekpert  bildirib ki, həmin binalarda yaşayan keçmiş sakinlər onlara yeni tikili binalarda mənzillər tikilib təhvil verilən günə qədər kirayə çıxmaq məcburiyyətində qalırlar:

 

“Başqa bir tərəfdən daşınmaz əmlakların aylıq kirayə qiymətləri onların satış qiymətləri ilə ölçülür. Son 5 -6 ildə, xüsusən də Bakı şəhərində daşınmaz əmlaklarda baş verən satışlardakı qiymət artımları onların kirayə bazarına da təsir edib və kirayə mənzillərdə də qiymətlərdə kəskin artımlar müşahidə olunur. Hər hansı bir əmlakın aylıq kirayə qiyməti əmlakın bazar dəyərinin 0,5% nisbəti ilə hesablanır. Yəni əvvəlki illərdə bir otaqlı köhnə tikili binalardakı mənzillərin satış qiyməti 60 – 65 min manat, aylıq kirayə qiyməti isə ortalama 300 manat idisə,  hazırda paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində, xüsusən də metro stansiyalarına yaxın ərazilərdəki köhnə tikili binalardakı bir otaqlı mənzillərin satış qiymətləri 90 – 110  min manat arası dəyişir ki, bu da onların aylıq kirayə qiymətlərinə öz təsirini göstərir”.

 

 Ekspert vurğulayıb ki, COP29 tədbiri ilə əlaqədar artıq paytaxtda mövcud olan mərkəzi ərazilərdəki yeni tikili binalardakı mənzillərin də kirayələnməsinə başlanılıb ki, həmin mənzillərin də aylıq kirayə qiymətləri bahadır:

 

“İnsanların aylıq gəliri ilə üst üstə düşmədiyi səbəbindən bu tip əmlakların kirayəsi uzun müddət boş qalırdı, lakin hazırda COP29 tədbiri ilə əlaqədar bu cür mənzillərə tələbat artır. Təbii ki, COP29 tədbiri uzunmüddətli deyil.Tədbir qısamüddətli olduğuna görə, istər yeni tipli binalardakı kirayə mənzillərində, istərsə də  digər otel və hostellərdə qiymət artımları  müvəqqəti xarakter daşıyır. Uzun illər proses davam etsəydi, təbii ki, qiymət artımı olduğu kimi əmlak bazarında qalardı”.

Tacxeber.com

Oxşar xəbərlər