“Rusiyanın Moldova və Gürcüstanı yenidən öz təsiri altına alması bizim də xeyrimizə olmaz…”
“Amma ki, biz istənilən situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq…”
Moldovada prezident seçkiləri hazırkı prezident Mariya Sandunun üstünlüyü ilə ikinci tura(3 noyabr) qaldı. Eyni ölkədə Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumu avrointeqrasiya tərəfdarlarının qələbəsi ilə başa çatıb. Gürcüstanda isə 3 gündən sonra –oktyabrın 26-da parlament seçkiləri keçiriləcək. Bəs görəsən, digər keçmiş İttifaq respublikaları, o cümlədən Azərbaycana bu iki postsovet ölkəsində Rusiyaya meyilli qüvvələrin qələbəsi sərfəlidir, yoxsa Avropa və Amerika ilə inteqrasiyaya can atan demokratik qüvvələrin?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lderi, istiqlalçı deputat Etibar Məmmədov bunları söyləyib.
“Hesab edirəm ki, Moldovada prezidentliyə namizəd Mariya Sandu birinci turda ümumi qələbə qazanmasa da, ikinci turda çatışmayan səsləri əldə edə biləcək. Son məlumatlara görə, protokolların 100 faizinin emalından sonra Moldova MSK keçirilmiş referenmdumda avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib. Amma cüzi fərqlə- 1 faizdən də az… Hazırda Moldovaya təhdid yaradan birbaşa Rusiyanın nəzarətində olan qondarma Dnestryanı qurumdu. Onun sonu da Ukrayna münaqişəsindən asılıdır…
Gürcüstana gəldikdə, İvanişvilinin əleyhinə olan qüvvələrin qalib gəlməsi ehtimalı daha böyükdür. Həmin ehtimal reallaşandan sonra vəziyyət yenə dəyişəcək… O ki qaldı, Qərbə inteqrasiya-filan məsələlərinə, hələ Güney Qafqazda bu işlərin axırının necə olacağı bilinmir. Ermənistan gah o tərəfə sarı gedir, gah bu tərəfə sarı gedir. İndi də “BRİKS”-ə meyillənib. Paşinyan bu gün həmin qurumun Kazandakı tədbirinə iştirak etməlidir. Bir tərəfdən deyir ki, Qərbə meyillənirik, o birisi tərəfdən isə həmin o Qərb təşkilatlarının əleyhinə yaradılmış quruma üz olmaq planı irəli sürür…